Ceyhun MƏMMƏDOV,
millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən ötən 18 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dünyanın güclü iqtisadiyyatlarından birinə çevrilir. Hazırda Azərbaycan ordusu dünyanın güclü 50 ordusu sırasındadır. Qısa müddətdə belə böyük inkişaf yolu keçmək hər xalqa nəsib olmur.
İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə uğurla həyata keçirdiyi siyasi kursda ən əsas məsələ düşmən işğalında olan torpaqlarımızın erməni işğalından azad olunması, ərazilərimizin bərpası idi. Ötən illər ərzində ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərin kürsülərindən qətiyyətlə bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı, cəsurluğu ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Bu tarixi, şanlı qələbəmiz haqda Ali Baş Komandanımız vurğulayıb: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz torpaqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm biz bu bölgəni—Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarımızda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Vətən Müharibəsində qələbədən sonrakı dövr Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləri ilə, əlamətdar tədbirlər və böyük hadisələrlə yadda qaldı. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız böyük tikinti-quruculuq meydanına çevrildi.
Prezident İlham Əliyev 16 mart tarixində qədim Şuşamızda, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırdı. Azərbaycan xalqının incisi, qədim mədəniyyət beşiyi olan Şuşadan xalqımızı Novruz bayramımız münasibətilə təbrik edən cənab Prezident qeyd etdi ki, artıq 30 ilə yaxın bir müddətdən sonra əziz və milli bayramımızı doğma Şuşada qeyd edirik. Bu, bizim hamımız üçün çox böyük hadisə və xoşbəxtlikdir.
Onu da vurğulamaq yerinə düşər ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında danışarkən qətiyyətlə demişdir ki, biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...”. Ulu öndərimizin və xalqımızın bu arzularını Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Bu Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür.
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət din siyasətini də uğurla davam etdirir. Son illət yüzlərlə dini ibadət ocağı bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təmir və bərpa olunaraq vətəndaşlarımızın istifadəsinə verilib.
Ölkəmizdə təhsilin inkişafına, savadlı gəncliyin yetişməsinə də böyük diqqət var. Son illər ölkəmizdə bir neçə beynəlxalq standartlara cavab verən ali təhsil müəssisəsi yaradılıb, yüzlərlə yeni məktəb binası inşa, təmir və bərpa olunub.
Azərbaycan bütün bu uğurlara Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi qətiyyətli və prinsipial siyasət nəticəsində nail olub. Qarşıda isə bizi daha böyük uğurlar gözləyir.