Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a bildirilib ki, millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.