Bakı, 24 may — Azadmedia.az
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) ilə əməkdaşlığı çərçivəsində hamiləlik ağırlaşmalarının yaranmasına səbəb olan kardioloji risk faktorlarının hamiləlikdən öncə, hamiləlik, doğuş və zahılıq müddətində qiymətləndirmə standartları və standartların gündəlik ambulator/stasionar təcrübədə tətbiq edilməsinə həsr olunan mövzular üzrə təlimlərə start verilib.
Təlimlərin keçirilməsində məqsəd müvafiq sahə mütəxəssislərinin (həkim-mama-ginekoloq, həkim-reanimatoloq və s.) hamilələrdə perinatal kardioloji risk faktorlarının erkən diaqnostikası və müalicəsi istiqamətində bilik-bacarıqlarının təkmilləşdirilməsidir.
Sözügedən mövzu üzrə ilk təlim TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində keçirilib.
Təlimdə ailə sağlamlıq mərkəzlərində və doğum şöbələrində fəaliyyət göstərən həkim-mama-ginekoloqlar, həkim-reanimatoloqlar və həkim-terapevtlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İnsan resursları departamentinin əməkdaşı Nahidə Mahmudova ana və uşaqların sağlamlığının qorunması məsələsinin dövlətin daim diqqət mərkəzində olmasını, bu baxımdan perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının TƏBİB üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova perinatal və uşaq statistik göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təchizatının yaxşılaşdırılması ilə yanaşı, kadr potensialının gücləndirilməsinin prioritetliyini qeyd edib.
Daha sonra TƏBİB-in Ana ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyasının üzvü, t.ü.f.d. Vəfa Qurbanova və AKC-nin üzvü, həkim-kardioloq Sara Bayramlı “Hamiləlikdə trombofilik ağırlaşmalar” mövzusunda təqdimatla çıxış ediblər.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və iştirakçıların mövzu üzrə bilikləri qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.