Bakı, 14 iyul — Azadmedia.az
Dəyişən nizam fonunda Naxçıvanda düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət fəaliyyəti yaxın, orta və uzaq müddətli perspektivə hesablanıb.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib və Naxçıvanın yeni inkişaf mərhələsini belə izah edib:
“Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı mənim göstərişimlə dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib, hər kəs götürüb oxuya bilər. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək. Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur”.
Bütün atılan addımlar onu göstərir ki, uzun illər boyu taleyin hökmünə buraxılmış bu qədim yurd yerimizə təmiz ruh verilib.
Bu yaxınlarda, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan Sərəncam bunu əyani şəkildə təzahür etdirir.
Qeyd edək ki, “Qlobal trendlər” nəzərə alınaraq “Mövcud vəziyyətin təhlili”nə uyğun “Dövlət Proqramının məqsədi və prioritet istiqamətləri”nin, “Hədəf göstəriciləri”nin “Dövlət Proqramının maliyyələşmə mənbələri” müəyyənləşdirilməsi, o cümlədən “Proqramının icrası, monitorinqi və qiymətləndirilməsi”, “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın hazırlanması kimi amillər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin qısa müddət ərzində obyektiv baxış bucağı altında ciddi yanaşmasını bir daha sübut edir.
Naxçıvan Muxtar Respublikasında təkmil idarəçilik institutunun formalaşdırılması, kadr məsələsinə obyektiv baxış və ən əsası, paytaxt ilə region arasındakı əngəllərin aradan qaldırılması (dövlət və hökumət qurumları ilə qarşılıqlı şəkildə ünsiyyət, ümumölkə sisteminə inteqrasiya, innovasiyaların düzgün tətbiqi və s.) bura olan ümid və inamı artırır.
Konseptual baxış zəngin diyarda canlanmaya və dirçəlməyə zəmin yaradır.
Hazırkı proseslər və əməli işlər buranı “status-kvo” ilə əlaqədar vaxtilə məcburiyyət üzündən tərk etmiş el-obasına bağlı - əməksevər, zəhmətkeş sakinlərin “geridönüşünü” şərtləndirir.
Bu isə Naxçıvan iqtisadi rayonunun (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları) kənd təsərrüfatı, sənaye, enerjetika, turizm və digər sahələrin intibahına səbəb olacaqdır.
Azad iqtisadi zonaların, Sənaye parklarının, Qida təhlükəsizliyini təmin edən ehtiyat müəssisələrin yaradılması, həmçinin su mənbələrinin səmərəli istifadə edilməsi və əkinə yararlı torpaqların effektiv idarəolunması bölgənin kompleks inkişafına töhfə verəcəkdir.
Heyvandarlıq, quşçuluq və arıçılıq məhsullarının orqanik çeşidləri ilə yeni bazar qazanacaqdır ki, bu da yüksək iqtisadi divident qazandıracaq və ixrac potensialını gücləndirəcəkdir.
Muxtar statusuna “Yaşıl enerji”, “Həyat adası”da əlavə ediləcəkdir.
Bu tədbirlər nəticəsində dayanıqlılıq və təhlükəsizlik mühiti daha da möhkəmlənəcəkdir.
Bütün bunlar eləcə də geosiyasi baxımından həyati vacib əhəmiyyətə malik Naxçıvan torpağının sərhəd mühafizəsi və gömrük-keçid sisteminin etibarlılığına da qarant verir.
Türk Qapısı - Zəngəzur Yolu kimi əhəmiyyətə malik olan Naxçıvanın Azərbaycan üçün məzmun və mənası nəinki Naxçıvan əsilli vətəndaşlarımızı - bütünlükdə dünya azərbaycanlılarını düşündürməli, buranı ziyarət etmək, Dövlət Proqramının verdiyi imkanlardan maksimum yararlanaraq investor rolunda çıxış edərək töhfə verməyi istəməlidirlər.
Bu xüsusda, 2023-cü il Azərbaycan və azərbaycanlılar üçün olduqca əlamətdar və əhəmiyyətli təqvimdir.
Dahi siyasi və dövlət xadimi - ümummilli liderimizin 100 illiyi qeyd olunur.
“Azərbaycan Respublikasında Heydər Əliyev ili” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Məhz cahanşümul şəxsiyyətin doğulduğu Naxçıvanın inkişafına xidmət edən bu il Dövlət Proqramının qəbul edilməsi heç də təsadüfi deyildir.
Çünki, bu gün Naxçıvan Qaf dağında yaşayan böyük bir quş - Cənnət quşu - Simurq quşunun taleyini yaşayır. Yəni, öz külündən yenidən doğulur.
Bir sözlə, Naxçıvanın müasir inkişafını əks etdirən bu mühüm əhəmiyyətli sənəddə ən həssas və strateji məqamlar, habelə “İnsan kapitalının inkişafı” və “İnstitusional inkişaf” məsələsinin yer alması gələcəyə yönəlmiş plandan xəbər verir.
Kosmosdan “qan - həyat”rəngində görünən bu müqəddəs məkanın indi səmasında bədirlənmiş ay görünür, ulduzlar bərq vurur, üfüqü aydınlanır və göy qübbəsi genişlənir.
Aurası təmizlənir!
Yəhya Babanlı,
Fəlsəfə doktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.