Qazaxıstan hakimiyyəti Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 2024-cü il mayın 10-da Almatıda görüşün keçiriləcəyini təsdiqləyib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi belə danışıqların Qazaxıstanda mayın 10-da keçiriləcəyini açıqlamışdı.
Aprelin 29-da Smadiyarov bildirib ki, Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən, sırf iki tərəf arasında baş tutacaq danışıqlarda vasitəçi kimi çıxış etmək niyyətində deyil.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün yaradılmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.