“Guya məhəllədə vəziyyətə baxırdı”- İçərişəhərdə 100 manata görə törədilən qətlin TƏFƏRRÜATI
İçərişəhərdə adam bıçaqlayaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub. Qətlin baş verməsinə səbəb borca verilən pulun vaxtında geri qaytarılmaması olub.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham edilən K.Əsgərova 19 il 6 ay müddətinə azadlıqdan məhrum cəzası verilib.
Hadisənin təfərrüatı…
Qətl hadisəsi ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib. Bakı şəhər sakini Kənan Əsgərov münaqişə zəmnində eyni məhəllənin sakini Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəyə səbəb pul üstündə başlayan mübahisə olub. Kənan Əsgərov ifadəsində deyib ki, mərhum vüqarı sadəcə məhəllə sakini kimi tanıyıb və onunla yaxın münasibətləri olmayıb.
Kənan deyib ki, məhəllədə daha əvvəldən tanıdığı İsrafil adlı şəxsdən borca 100 manat alıb. Ancaq bir müddət sonra həmin pulu mərhum Vüqar ondan tələb etməyə başlayıb.
“Mənim Vüqarla ancaq salam-sağol münasibətim var idi. Bir gün mənə yaxınlaşıb İsrafilə verəcəyim pulu istədi. Mən də dedim ki, İsrafildən almışam, ona da qaytaracam. Sonra oradan çıxıb getdim. Bir neçə gündən sonra da pulu İsrafilə qaytardım. Yenidən Vüqarla məhəllədə marketin qarşısında rastlaşdıq. Həmin söhbətə görə mənimlə yenidən mübahisə elədi. Bizi İsrafil sakitləşdirdi. Orada olanda Vüqar mənim ünvanıma söyüşlər söydü. Oradan ayrıldıqdan sonra evə getdim”- deyə Kənan Əsgərov ifadəsində göstərib.
Hadisənin baş verdiyi gündən danışan Kənan Əsgərov bildirib ki, evlərinin qarşısında olan zaman Vüqar və onun dostu Rövşənin gəldiyini görüb: “Evin qarşısına hava almaq üçün çıxmışdım. Gördüm ki, Vüqar sürətlə mənə tərəf gəlir. Əlində də maşın təkərini açmaq üçün istifadə edilən dəmir alət var idi. Mən də mətbəxdən bıçaq götürüb həyətə çıxdım. Vüqar yaxınlaşan kimi başıma zərbələr endirdi. Rövşən isə məni tutmuşdu. Vüqar mənə çoxsaylı zərbələr endirəndə mən də onu vurdum. İki bıçaq zərbəsi vurduğumu xatırlayıram”.
Kənan Əsgərov deyib ki, Vüqar özünü məhəllənin problemlərinə, vəziyyətinə baxan şəxs kimi qələmə verirmiş. Məhz bu səbəbdən də onunla görüşə gedən zaman ehtiyat etdiyi üçün bıçaq götürüb: “Guya məhəllədə vəziyyətə baxırdı”.
Ancaq istintaq orqanının irəli sürdüyü ittihamla K.Əsgərovun dedikləri arasında müəyyən ziddiyətlər var.
Belə ki, istintaq müəyyən edib ki, Kənanın məhz Vüqara 150 manat borcu olub. 50 manatını qaytarsa da, 100 manatını vəd etdiyi zamanda ödəməyib. Bir neçə dəfə aralarında mübahisə olub. Vüqar ayrı-ayrı şəxlsərin yanında bunu Kənana irad olaraq bildirib. Kənan isə Vüqarın bu hərəkətini şəxsiyyətinin alçaldılması kimi qəbul edib və ondan qisas almaq istəyib. Sonuncu dəfə isə, onlar telefonda danışıblar. Bir-birlərini təhqir etdikdən sonra, görüşmək üçün vədələşiblər. Hadisə yerinə gələn Kənan üzərində bıçaq da götürüb. Əvvəlcə əlbəyaxa oublar. Daha sonra onları sakitləşdiriblər.
İttihamda göstərilir ki, Kənan Vüqarı təqib edərək məhəllədəki marketin qarşısıdna ona yaxınlaşıb və iki bıçaq zərbəsi endirib. Xəsətəxanaya çatdırılan Vüqarın həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, Kənan Əsgərov daha əvvəl də məhkumluq həyatı yaşayıb. Və 2017-ci ildə azadlığa çıxıb.
O, 2014-cü ildə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib. 6 il azadlıqdan məhrum edilən Kənan Əsgərov daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının başa çatmasına 3 il qalmış şərti azadlığa buraxılıb.