Xəbər verdiyimiz kimi, dünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq öldürüb.
Qaynarinfo-ya Ziyad Əhmədovun öldürülməsi ilə bağlı bəzi məlumatlar daxil olub.
Belə ki, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.
Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona "sən niyə işə gəlmirsən?” iradını bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb.
Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Biraz keçdikdən sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.
Goranboy rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib:
"İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma biraz keçdikdən sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı. O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adam bıçaqlayıb öldürərlər? İşə gəlirsən gəl. Gəlmirsənsə çıx get. Kim səni məcbur edib? ”.
Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub:
"Ziyad Əhmədovun ailəsi-uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.