- Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
***
Oktyabrın 4-də saat 2 radələrində Səbail rayonunun Salyan şosesində bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Səbail RPİ 41-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.
Araşdırma aparılır.
***
Oktyabrın 4-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən Xəlilovu vurub və həmin vaxt arxadan gələn Bakı şəhər sakini E.Rəhimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil isə “Chevrolet” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Oktyabrın 4-də saat 21 radələrində Nizami rayonu ərazisində yolu keçən Xaçmaz rayon sakini Oqtay Rüstəmov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
***
Oktyabrın 4-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini M.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bozalqanlı kənd sakini Rəhman Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.