Futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start verilib.
ilk oyunda Uels və Danimarka yığmaları üz-üzə gəlib.
Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşmiş qarşılaşma Danimarkanın qələbəsi ilə başa çatıb - 4:0. Qolları 27-ci və 48-ci dəqiqələrdə Kasper Dolberq, 88-ci dəqiqədə Yoakim Mehle, 90+6-cı dəqiqədə Martin Breytueyt vurub. 90-cı dəqiqədə isə almaniyalı referi Daniel Zibert Uels yığmasından Harri Uilsona qırmızı vərəqə göstərib.
Bununla da Danimarka millisi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında iştirak hüququ qazanıb. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq.
Qeyd edək ki, günün son oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.