"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.
"Azadmedia.az"ın məlumatına görə, "köhlən atlar" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.