"Shusha Chess 2022" turnirində qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qələbəsini şəhidlərə həsr edib.
Axar.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu barədə yarışın bağlanış mərasimindəki çıxışında bildirib.
Məmmədyarov birinci yeri tutduğuna görə sevindiyini söyləyib: “Şuşada yarışda iştirak etmək xüsusi hisslərdir. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Burada birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam. Təxminən 22 ildən çox Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çox sayda yarışlarda iştirak edirəm. Lakin turnirlərdə tez-tez birinci olmaq alınmır. Düşünürəm ki, yaşlanırıq. Hər il yaşımızın üstünə yaş gəlir".
İti zəka sahibi Şuşadakı turnirin dünyanın aparıcı yarışlarından geri qalmadığını diqqətə çatdırıb:
"Qalib olduğuma görə xoşbəxtəm. Şuşada quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. Amma ilk şahmat turnirində də təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Təşkilatçılığa və ümumiyyətlə Azərbaycan şahmatçılarına daim dəstək olduğuna görə Mahir Məmmədova təşəkkürümü bildirmək istərdim. Şuşanın qəlbimizdə yeri xüsusidir. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.