AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dayımın vurduğu qollara baxaraq həvəsləndim” - Camal Hüseynli

  • + A
  • - A
  • 21-11-2022, 21:24

    “Dayımın vurduğu qollara baxaraq həvəsləndim” - Camal Hüseynli

    Azərbaycan futbolundan danışarkən uşaq və yeniyetmələrin tapılmasında, inkişafında pay sahibi olmaq, bu prosesə töhfə vermək hər birimizin borcudur. Bu idman növünün sirlərinə yeni yiyələnənlər üçün kiçik bir dəstək ona böyük təkan ola bilər.

    Azadmedia.az Fanat.Az-a istinadən xəbər verir ki, belə bacarıqlı istedadlardan biri də “Səbail”in 13 yaşlı futbolçusu Camal Hüseynlidir. Qarşısına böyük hədəflər qoyan Camalın bu idman növünü belə həvəslə seçməsi təsadüfi deyil. Axı o, millimizin sabiq forvardı Vüqar Nadirovun bacısı oğludur. Camal əməkdaşımıza müsahibəsində kumirindən və arzularından danışıb.

    - Camal, neçə yaşından futbolla məşğulsan?

    - Artıq 4 ildir ki, futbol oynayıram.

    - Futbola həvəs haradan yarandı?
    - Vüqar Nadirov mənim dayımdır. Dayımın oyunlarına, vurduğu qollara, qazandığı uğurlara və Azərbaycanın adını necə yüksəltdiyinə baxaraq həvəsləndim və futbolçu olmağa qəti qərar verdim.
    - Futbolda hansı hədəflərin var?
    - Daha peşəkar və uğurlu futbolçu olmaq, milli komandamızda çıxış etmək istəyirəm. Hazırda yaşım az olsa da, hədəflərim və arzularım böyükdür. İnanıram ki, daimi məşqlər, futbola olan sevgim, ailəmin gözləntilərini doğrultmaq və Azərbaycanı dünyada təmsil etmək istəyim sayəsində bu arzularıma çatacağam.
    - Hansısa xarici klubda çıxış etməklə bağlı xəyallar qurursanmı?
    - “Mançester Siti”! Bu, bir arzudur.

    - Hazırda 13 yaşın var. Qarşıda 5 ildə, yəni 18 yaşınadək qarşına hansı məqsədləri qoymusan?
    - Azərbaycan yığmasında və bəzi Türkiyə klublarında çıxış etmək istəyirəm. Türkiyə futbolu maraqlıdır, azarkeşlər çılğındır və bu, məni cəlb edir. Təbii, bunları istəmək azdır, qarşıdaki illərdə həvəslə məşq etməli, daha da güclü olmalıyam ki, məşqçilərimin etimadını doğruldum.

    - Futbolda zədələr qaçılmazdır. Nə vaxtsa zədələnmisən?
    - İndiyə qədər iki dəfə yüngül zədə almışam. Yəni ciddi bir şey olmayıb.

    - Bu günə qədər ən yadda qalan oyunun hansı olub?
    - Elə son matçı deyə bilərəm. Noyabrın 7-də yoldaşlıq görüşü idi. Rəqib komandaya 4 qol vurduq. Bu qollardan ikisinin müəllifi mən oldum. Birinci qol adi, ikinci isə “çerez sebya” (aşırma) oldu. Vurduğum qollar mənə futbolu daha da sevdirir və həvəsləndirir.

    - Özünə kimi kumir seçmisən?
    - Kumirim Erlinq Holanddır. Bu futbolçunun topla rəftarını çox bəyənirəm, hətta təkrarlamağa çalışıram.
    - Ailə üzvlərindən futbol oynamağını istəməyənlər var?
    - Hərdən anam futbol oynamağıma qarşı çıxır. Yorulduğumu və digər sahələrə marağımın heç olmadığını düşünür... Əsas da dərslərimə... Amma mən onu uğurlarım və həvəsimlə razı salıram. Anam oyunlarımı görəndən sonra etiraz etmir, amma narahat olur yenə də.

    - Bəs vurduğun qollardan hansısa birini ailə üzvlərinə və ya digər şəxslərə həsr etdiyin vaxt olubmu?
    - Bəli, “Xocalı” ilə çempionat oyununda vurduğum qolu qardaşım Turala həsr etmişdim. Qardaşım da buna çox sevindi və həmişəki kimi mənə dəstək olduğunu bildirdi. O hazırda xarici ölkədə təhsil almağa gedib.

    - Futbol dərslərinə mane olurmu?
    - Bəli, bir qədər mane olur. Amma əsas yük idmanın payına düşür. Məktəb müəllimlərimə də təşəkkür edirəm ki, mənə müəyyən qədər güzəşt edirlər. Bəzən məşqlərə çox vaxt ayırmalı oluram. Amma buna baxmayaraq, davamlı şəkildə dərslərdə iştirak edirəm. Məktəbdən də qalmamağa çalışıram.

    - Bəs gələcəkdə karyeranı hansı yerli klubda, hansı məşqçinin rəhbərliyi altında davam etdirmək istəyərsən?
    - Xarici ölkələrdə çıxış etsəm, Pep Quardiolanın məşçisi olduğu komandada oynamaq istərdim. Hazırda o dünyada bir nömrəli məşqçidir. Ölkəmizdə isə Qurban Qurbanovun komandasında oynamaq istəyərəm. Onun Azərbaycan futbolu üçün etdikləri qiymətsizdir.

    - Qurban Qurbanovla görüşmək imkanın olub?
    - Xeyr, amma bunun olmasını istəyərdim.

    - Futbolçu yox, azarkeş kimi hansı komandaları daha çox sevirsən?
    - “Qarabağ”, “Mançester Siti” və “Barselona”nı.


    - Öz komandanızı daha güclülərdən hesab edirsən?
    - Bəli, güclüyük və irəli gedəcəyimizə əminik.

    - Azərbaycanlı futbolçulardan hansılarını daha çox bəyənirsən?
    - Vüqar Nadirov, Musa Qurbanlı, Qara Qarayev. Bu futbolçuları daha çox sevirəm. Qara Qarayevlə görüşmək imkanım olub. Dayım Vüqar Nadirovdan oyunlarla bağlı çoxlu məsləhətlər almışam. Oyunlardan sonra etdiyim səhvlərlə bağlı mənə məsləhətlər verib. Onun məsləhətlərini dinləyirəm və əməl etməyə çalışıram.

    - Ən böyük arzun nədir?
    - Azərbaycan futbolunun yüksək səviyyəyə çatması.

    - İdmanla məşğul olan və ya məşğul olmaq istəyən həmyaşıdlarına nə demək istərdin?
    - Məsləhət görərdim ki, arzularının arxasınca getsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR