Dünya şahmatının elitası yenidən “Vugar Gashimov Memorial”ında bir araya gəlir. 2022-ci ildə keçiriləcək superturnirdə özbəkistanlı dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədovun iştirakı təsdiqlənib.
Turnirin mətbuat xidməti xəbər ki, artıq superturnirin 6 iştirakçısı bəlli olub. Mötəbər yarışda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracu da mübarizə aparacaqlar.
Nodirbek Abdusattorov 2015-ci ildə 11 yaşında Beynəlxalq Şahmat Federasiyasının “Ən yaxşı 100 yeniyetmə” siyahısına daxil olub. O, bu siyahıya düşmə yaşına görə rekord müəyyənləşdirib. 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan rapid üzrə dünya çempionatının qalibi olan qrosmeyster cari ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında Özbəkistan millisinin heyətində qızıl medala sahib olub.
Dördqat Azərbaycan çempionu olan Rauf Məmmədov 3 dəfə komandalar arasında Avropa çempionatının qalibi olub. O, 2015-ci ildə Belarusun paytaxtı Minskdə blits üzrə Avropa çempionu adını qazanıb. “Vüqar Həşimov” klubunun lideri olan Rauf Məmmədov 2021-ci ildə Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan klublararası Avropa kuboku yarışında bürünc medal əldə edib.
On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.