“Azərbaycan bayrağına qarşı edilən hərəkətə çox məyus olduq. Sizə edilən hörmətsizlik bizə edilmişdir. Bu da bizim üçün əlavə motivasiya oldu və onlara türkün gücünü göstərdik”.
Bunu Oxu.Az-a açıqlamasında İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 45 kq çəki dərəcəsində qızıl medal qazanmış və bu qələbəsini Azərbaycan xalqına həsr edən türkiyəli atlet Cansu Bektaş deyib.
Türk idmançı bildirib ki, onunla eyni çəkidə mübarizə aparan Azərbaycan idmançısı Nazilə İsmayılovaya və onun məşqçisinə qalib gəlmək üçün söz verib: “Çəkini qaldırmaq üçün körpücük üzərinə çıxanda bu sözü yadıma saldım və əlavə ruh yüksəkliyi ilə qaldırdım. Dövlət Himnimiz İrəvanda səsləndirilərkən çox duyğulandım”.
Cansu Bektaş qeyd edib ki, Ermənistan paytaxtında onlara da eyni azərbaycanlı idmançılara olduğu kimi xüsusi təhlükəsizlik qaydaları tətbiq olunurdu: “Hoteldən çıxamağa icazəmiz yox idi, qapımızın önündə polislər keşik çəkirdi. İnsanların bizə kinli baxışları daim üzərimizdə bir təzyiq yaradırdı, amma biz bu təzyiqin öhdəsindən gəlməyi bacardıq və onlara himnimizi dinlətdik”.
İlk dəfə beynəlxalq yarışda bu cür hadisə ilə qarşı-qarşıya qaldığını deyən idmançı azərbaycanlı həmkarı Nazilə İsmayılova ilə yaxın münasibətinin olduğunu bildirib: “İslam oyunlarında da onunla rəqib idik. Məncə, qalsaydı, Nazilə də mütləq medal qazanacaqdı. Getməyi məni çox məyus etdi”.
Sonda bütün Azərbaycan xalqına təşəkkürlərini bildirən türk atlet idmansevərlərə salamlarını göndərib.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.