"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın gələcək karyerası ilə bağlı planları məlum olub.
AzadMedia.az "RMC Sport"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni iş yeri kimi yalnız Fransa millisini nəzərdən keçirir və başqa heç bir komandaya rəhbərlik etmək niyyətində deyil. Buna görə də valideynləri və qardaşının israr etməsinə baxmayaraq, Zidan Əlcəzair Futbol Federasiyasının təklifini rədd edib.
Zidan məşqçiliyə qayıtmağa tələsmir. O, Fransa millisinin hazırkı baş məşqçisi Didye Deşam postunu tərk edənə qədər gözləməyə hazırdır. Deşamın müqaviləsi 2026-cı ilə qədər davam edəcək.
Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə İspaniya çempionu tituluna çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.