Magistraturaya sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 29-u saat 23:59-dək davam edəcək.
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar. Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.
İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.