Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatı üzrə işlərin genişləndirilməsi nəzərdə tutulur.
Bu məsələ Prezidentin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, heyvanların identifikasiyası həyata keçiriləcək və bu barədə məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil ediləcək. Bununla heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də heyvan mənşəli məhsulların mənşəyinin və hərəkətinin izlənilməsi imkanlarının artırılması hədəflənir.
Proses çərçivəsində heyvan sahibləri və fermerlər identifikasiya prosedurlarının əhəmiyyəti, tətbiq qaydaları və tələbləri barədə məlumatlandırılacaq. Bu istiqamətdə maarifləndirici tədbirlərin və təlimlərin keçirilməsi də planlaşdırılır.
Sənəddə həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sahəsində rəqəmsal imkanların inkişafına xüsusi diqqət yetirilir. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması qarşıya qoyulan əsas istiqamətlərdəndir.
HİQS vasitəsilə heyvanların qeydiyyatının daha səmərəli aparılması, onların sağlamlıq vəziyyətinin izlənilməsi və zəruri tədbirlərin vaxtında görülməsi imkanlarının genişləndirilməsi planlaşdırılır.
Gözlənilir ki, bu tədbirlər heyvan sağlamlığının qorunmasına, biotəhlükəsizliyin gücləndirilməsinə və ölkədə qida təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.