AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülüstan türbəsi restavrasiya əvəzinə bərbad vəziyyətə salınıb

  • + A
  • - A
  • 2-01-2024, 23:57

    Gülüstan türbəsi restavrasiya əvəzinə bərbad vəziyyətə salınıb

    Gözəlliyinə, biçim zənginliyinə və rəngarəngliyinə görə Culfadakı Gülüstan türbəsinin naxışları yalnız Möminə Xatun türbəsinin naxışları ilə tutuşdurula bilər. Hətta, Gülüstan türbəsinin daşda yonulmuş naxışları Mömünə Xatun türbəsinin kərpicdən yığılmış naxışlarından daha incə və zərifdir. Bu sözlər memarlıq üzrə elmlər doktoru Cəfər Qiyasinin “Nizami dövrü memarlıq abidələri” kitabındandır.

    Lakin, bu türbənin restavrasiyasının düzgün aparılmaması onun incə və zərifliyinə ciddi kölgə salıb. Bu fikirlər isə, bu günlərdə Naxçıvanda olan türkiyəli bərpaçı-memar, professor Oğuz Ceylana məxsusdur. O, Naxçıvandakı bir çox tarixi abidənin restavrasiyasının düzgün aparılmadığını bildirib: “Abidələr üzərinə çəkilən boya və beton, üzlüklərdən təmizlənməli, ilkin görüntüləri nəzərə alınmaqla tarixi sübutlar əsasında yenidən restavrasiya olunmalıdır”.

    Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, küncləri kəsilmiş kub formasında olan orijinal quruluşlu kürsülüyü isə yonulmuş daşdan tikilib. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat (6,6 x 6,6m) olan kəsik piramida xaricdən yuxarıda düzgün onikibucaqlıya çevrilir, onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin üst çadır örtüyü tamamilə dağılmışdır. Odur ki, bu çadır örtüyünün piramidaya oxşar və ya konik biçimdə olmasını müəyyənləşdirmək çətindir.

    Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı da bilinmir.

    Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmib, dekorativ tağlarla çərçivələnib. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür. Oniki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.

    Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin bədii texniki həllinin parlaq nümunəsidir. Belə türbələrin geniş yayıldığı ərazi Anadolu olduğuna görə Gülüstan türbəsini mərkəzi Azərbaycan və Anadolu Səlcuq türbələrinin soy birliyinin baş göstəricisi hesab etmək olar. Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.

    Gülüstan türbəsi Naxçıvanın o vaxtkı rəhbəri Vasif Talıbovun sərəncamı ilə 2015-ci ildə bərpa olunmuşdur. Bu zaman tarixi abidənin özəlliyi nəzərə alınmayıb, işlər “avrotəmir” üslubunda aparılıb. Belə yanaşma Vasif Talıbovun sədrliyi dövründə bərpa edidlən bütün tarixi abidələrdə müşahidə olunur.

    Məqalə "Gündəlik Naxçıvan" səhifəsindən götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR