AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Кудайдын үнүн уккум келет" (“Tanrının səsini eşitmək istəyirəm”) şeir toplusunun təqdimat mərasimi keçirilib

  • + A
  • - A
  • 12-04-2021, 13:55


    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Qırğızıstanda nəşr olunmuş “Кудайдын үнүн уккум келет" (“Tanrının səsini eşitmək istəyirəm”) şeir toplusunun təqdimat mərasimi keçirilib.

    Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türk Şurasının Baş katibinin müavini Sultanbek Raev, TÜRKPA-nın Baş katibinin müavini Əli Yıldız, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri iştirak ediblər.
    Mərasimi giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təqdimatı keçirilən kitabın məziyyətlərindən bəhs edib. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, bir tərəfdən gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, digər tərəfdən maraqlı rəssamdır. Onun bir çox şəkilləri sərgilərdə nümayiş olunub.
    Qeyd edilib ki, Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Leyla Əliyevanın yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım və qayğı göstərməsi həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. Onun təşəbbüsüylə keçirilən “Xocalıya ədalət” kompaniyası Azərbaycanın tarixi həqiqətlərinin bütün dünyaya çatdırılmasında önəmli rol oynamışdır. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində, rəsm əsərlərində, eləcə də xeyirxah əməllərində də hiss olunur.

    Günay Əfəndiyeva kitabın Qırğızıstanda da nəşr edilməsinin önəmini vurğulayıb. Bildirib ki, Qırğızıstanda bu kitabın çap olunması qırğız oxucusunu müasir Azərbaycan qadın poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti türkdilli xalqları bir-birinə yaxın etməkdən ibarətdir.

    Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

    Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ötən ay Türkiyə Respublikasına səfər çərçivəsində həm TÜRKSOY-un Baş qərargahında, həm də İstanbul şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.

    “Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb” - deyə nazir vurğulayıb.

    Qırğız Respublikasının Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib: “Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşa, predmeti azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə qarşı həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair gözü ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünməli, göründüyü kimi də olan insanlardırlar. “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki şairlərin digər insanlardan fərqi ondadır ki, hər bir şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”, - deyə Q.Paşayeva vurğulayıb.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.

    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Əli Yıldız çıxış edərək, Fondun prezidenti Günay Əfəndiyevaya belə mühim tədbiri təşkil etdiyi üçün təşəkkür edib. Türkdilli beynəlxalq təşkilatların eyni ailənin üzvü kimi qiymətləndirən Əli Yıldız, Türk Dünyasının maddi-mədəni həyatı ilə bağlı keçirilən layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu cür əsərlərin fərqli dillərdə çap olunmasının türkdilli xalqların bir-birinə daha da yaxınlaşdırılmasında önəmli rol oynadığını qeyd edib.
    Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycanın haqlı Vətən mübarizəsində verdikləri dəstəyə görə türkdilli beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib. Rəşad Məcid Leyla Əliyevanın kitabının Qırğızıstanda çap olunmasını Türkdilli ölkələr arasında olan ədəbi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsində təkanverici hadisə olacağını vurğulayıb. O, Leyla Əliyevanın şeirlərində mərhəmətin, sevginin, şəfqətin, insanları duruluğa çağıran fikirlərin əvəz olunmaz olduğunu bildirib.

    Tədbir bədii hissə ilə davam edib. Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğızıstan Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Кудайдын үнүн уккум келет" (“Tanrının səsini eşitmək istəyirəm”) kitabından şeirlər səsləndirilib.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR