AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir

  • + A
  • - A
  • 20-01-2026, 14:05

    20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş  ən ağır cinayətdir



    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun birbaşa göstərişi ilə SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə digər xüsusi təyinatlı birləşmələrin hərbi hissələri Bakıya və Azərbaycanın bir sıra rayonuna yeridilərək, dinc əhalini ağır texnikalardan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər. Bu cür xüsusilə ağır cinayətin nəticəsində 149 nəfər yaşamını itirdi, 744 nəfər ağır yaralandı, 841 nəfərin qanunsuz olaraq azadlığı məhdudlaşdırıldı.
    Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq məqsədi daşıyan bu qəddar əməliyyat insanlıq əlehinə cinayət kimi yaddaşlarda qalacaq.

    Bu cinayətə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu əməlin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və həmin dövrdəki respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, Bakıdakı kütləvi terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və Sovet ordusunun hərbçilərini cinayətkar, onların mülki əhaliyə qarşı yol verdiklərini qəddarlığı isə bütöv bir xalqa qarşı törədilən tarixi cinayət adlandırdı. Bütün təhlükələrə rəğmən, Ümummilli Lider hər zaman olduğu kimi, xalqın yanında idi və kütləvi qırğına siyasi-hüquqi qiymət verərək qeyd etdi ki, “mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqeydə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
    Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul etdi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Məhz Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Həmin sənəddə qeyd edilmişdir ki, “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

    20 Yanvar Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olaraq, eyni zamanda xalqımızın qəhrəmanlıq, rəşadət səhifəsidir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Təkcə son 7 il ərzində icra olunan 5 sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2,3 dəfə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3,5 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 4,6 dəfə artmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

    Dövlət Başçısının qeyd etdiyi kimi, “Azərbaycan mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
    Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR