Müstəqilliyimizin ilk illərində ölkədə daxili və xarici qüvvələrin təsiri ilə pərakəndəlik yaranması, torpaqlarımızın itirilməsi, müstəqilliyimizin təhlükə altında qalması Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillərdən idi. Xalqın və ölkənin qarşıya çıxan çətin problemlərin həlli, xilaskarlıq missiyasının yerinə yetirilməsi üçün düzgün bir idarəçiyə, liderə ehtiyacı var idi və ümummilli lider xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyun tarixində Ali Sovetinin sədri seçildi. Həmin ilin 24 iyun tarixində Azərbaycan Parlamentinin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi.
Dahi lider hakimiyyətə gəlişinin ilk günlərindən parlamentarizm sisteminə, ənənələrinə daha çox üstünlük verdi. Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsinə gəlməsi ilə parlamentə yeni ruh, yeni nəfəs gəldi. Dahi şəxsiyyətin iclasları aparma bacarığı, düzgün qiymətləndirmə qabiliyyəti, vətənə sadiqliyi və peşəkarlığı onun liderlik potensialının əsasını təşkil edirdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə baş verən proseslərin xalqa anında, dəqiq və düzgün olaraq çatdırılmasına başlandı. Rəsmi tədbirlər, müşavirələr televiziyalardan birbaşa yayımlanmağa başladı. Şəhid ailələrinə, qazilərə olan diqqət daha da artırıldı, ordu quruculuğunun inkişafı üçün bir sıra mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin cənub bölgəsində yaranmış vətəndaş qarşıdurmasının, seperatçılıq cəhdlərinin qarşısı alındı. 1993-cü ilin 7 avqust tarixində elan olunmuş “Talış-Muğan Respublikası” seperatçılığına son qoyuldu.
Qısa müddət ərzində ölkənin inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev Azərbaycanın neft ixrac edən ölkələrdən birinə çevrilməsinə nail oldu. Ölkəmiz ümummilli liderin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu dövlətlərdən birinə çevrildi. Onun uğurlu daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan nefti Avropa ölkələrinə ixrac edildi. Heydər Əliyevin rəhbərliyi ilə xarici ölkələr, beynəlxalq şirkətlər və digər investorlar tərəfindən ölkəmizdə müəyyən sahələrə investisiyalar edilməyə başladı. Bazar iqtisadiyyatına, sahibkarlığa xüsusi diqqət ayrıldı.
Ölkədə hər zaman hüququ dəyərlər, qanunun aliliyinə xüsusi önəm verən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, demokratik inkişafla bağlı yeni qərarlar, qanunlar qəbul edildi. İctimai-siyasi sabitliyin bərpası və vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində müəyyən işlər görüldü.
Uçuruma gedən müstəqil Azərbaycanı o uçurumdan öz liderliyi ilə çıxarmağı bacaran Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dönəmdən etibarən xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının dirçəlməsinə nail oldu. Ölkəmizi üzləşdiyi bəlalardan, sərt sınaqlardan çıxardı. Güclü Azərbaycanın təməlini qoydu.
Ümummilli lider Heydər Əliyev hər zaman öz xalqına güvənirdi, xalq da eyni zamanda öz liderinə etibar edirdi, etimad göstərirdi. İnkişaf etmiş və güclü dövlətin qurulmasına səbəblərdən biri də xalqın və dahi liderin birliyi idi. Azərbaycan xalqı Heydər Əliyevin dövlətin maraqlarını qoruyacağına, inkişafı üçün ən düzgün qərarları verəcəyinə inanırdı.