AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnkişafın ünvanı olan rayon - Fotolar

  • + A
  • - A
  • 20-05-2019, 13:23

    İnkişafın ünvanı olan rayon - Fotolar

    Masallı hər səfərdə qonaqlarını yeniliklərlə, günü-gündən dəyişən siması ilə qarşılayır

    "May ayı Masallının ən yaxşı vaxtlarıdır. Təbiətin bu gözəlliyini görmək insana ayrıca zövq verir. Havası təmiz, meşələri yamyaşıldır. Şəhərin səs-küyündən, tıxacından ayrılıb hərdən təbiətin bu füsunkar guşəsinə baş çəkməyə dəyər”. Paytaxt Bakıdan 190 km aralıda yerləşən Masallı rayonuna səfər edən hər kəsi yerli sakinlər bu cür qonaqpərvərliklə qarşılayır. Yeni salınmış Bakı-Ələt-Astara magistral yolu ilə rahatlıqla rayon ərazisinə çatıb, ağlı-qırmızılı qızılgül kollarının yol boyu sıralandığı, qocaman yaşıl ağacların kölgə saldığı və füsunkar gözəllik verdiyi küçələrdən keçib mərkəzə doğru irəliləyirsən. Hər gəlişində qonaqlarını yeniliklərlə, günü-gündən dəyişən siması ilə qarşılayır Masallı. Rayonda aparılan quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallının da inkişafına güclü təkan verib. Proqramda nəzərdə tutulmuş işlər uğurla həyata keçirilib. İstifadəyə verilən istehsal və xidmət obyektləri, sənaye məhsulu istehsalının, "Azərbaycan brendi” adı ilə hər il xarici ölkələrə ixrac olunan sənaye məhsulların çeşidlərinin artmasını rayonda həyata keçirilən iqtisadi islahatların, sahibkarlığa yaradılan şəraitin ürəkaçan nəticəsi kimi dəyərləndirmək olar.
    İnkişafın ünvanı olan rayon - Fotolar
    Son illər rayonda müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi təkcə ölkə əhalisinin deyil, həm də əcnəbilərin Masallıya axınına səbəb olub. Dəfələrlə beynəlxalq folklor festivallarına ev sahibliyi etməsi, ölkə mədəniyyətinin tanıdılması üçün əcnəbi qonaqlara səmimiyyətlə qucaq açması, bu rayonun adını xeyli məşhurlaşdırıb.



    Yüz dəfə eşitməkdənsə...

    Masallı kənd təsərrüfatı rayonudur. Əhalisinin 90 faizi kəndlərdə məskunlaşıb və əsasən, torpaqla məşğul olur. Bu sahənin inkişaf etdirilməsini prioritet məqsədə çevirən də bu səbəbdir. Bu məqsədlə ixtisaslaşma aparılması, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi, eləcə də kooperasiyaların yaradılması istiqamətində tədbirlər uğurla həyata keçirilir. Masallı rayonuna media-tur çərçivəsində səfər edən jurnalistlər isə bu inkişafın yaxından izləyicisinə çevrildilər. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
    İnkişafın ünvanı olan rayon - Fotolar
    Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov media işçiləri ilə görüşündə aparılan quruculuq işlərindən, qarşıda duran planlardan söhbət açdı. Sovet dövründə Masallıda 17 min hektar sahədə əkin aparıldığını qeyd edən icra başçısı, son illərdə bu rəqəmin təxminən 18 min hektara yüksəldiyini bildirdi. Amma icra başçısı əvvəllər bu torpaqlarda əsasən taxıl əkildiyini, onun isə rentabelli olmadığını da vurğuladı: "Təxminən 14 min hektar sahədə taxıl əkilirdi. Amma məhsuldarlıq yüksək deyildi. Bu baxımdan, kndli demək olar ki, taxıl əkinindən xeyir götürmürdü. Bunu nəzərə alıb, taxıl əkinini azaltmağa doğru gedirik. Hazırda 18 min hektarda əkin həyata keçirilib. Kartofun əkin sahələrini artırırdıq. Bazar bizimlə "oynamasa”, perspektiv daha çox ola bilər. Rayonda çay plantasiyalarını da artırmağı planlaşdırırıq”.
    İnkişafın ünvanı olan rayon - Fotolar

    İcra başçısı problem kimi əkilən məhsulun sığortalanması məsələsini də qeyd etdi: "Bu məsələnin həllində risk bölünməlidir: bir hissəsi dövlətin, bir hissəsi sahibkarın, bir hissəsi isə sığortaçının üzərinə düşməlidir”.
    Rayon investisiya yatırmaq üçün sərmayəçilərin üzünə açıqdır. Amma bir çox sahələr var ki, inkişafı üçün sərmayəçilər tapılmır. "Biz topdansatış bazarının – Logistik Mərkəzin yaranması üçün bir neçə ildir ki, çalışırıq. Bununla bağlı aidiyyəti qurumlarla söhbətlərimiz də olub. Ancaq hələ ki, bu işə investisiya yatıracaq sahibkarı tapa bilmirik”.



    Beynəlxalq Turizm Mərkəzi

    "Dünyada turizm elə inkişaf edir ki, növbəti əsr "turizm əsri” olacaq”. Ümumdünya Turizm Təşkilatının (ÜTT) bu açıqlamasının reallaşacağı günü gözləməyə o qədər də ehtiyac yoxdur. Masallı rayonunun inkişaf modeli proqnozu bəri başdan təsdiqləyir. Turizm, bu yerlərə ayaq açmaqdadır. Ölkənin cənub rayonu, təmiz havasına, mədəni və təbiət əsrarəngizliyinə görə bölgədə beynəlxalq turizm mərkəzinə çevrilmək üçün hər cür imkanlara malikdir. Heç şübhəsiz, bu, rayonun inkişafı, ərazidəki kəndlərin sosial strukturunun tərəqqisi üçün şərait yaradacaq. Proqramlaşma və idarəetmə əsasında turistik prosesin bu rayonda inkişafı ətraf mühitin iqtisadi və sosial inkişafının təminatçısına çevriləcək.

    İnkişafın ünvanı olan rayon - Fotolar
    "Bakı-Astara yolu da artıq istifadəyə verilib. Bir milyonluq əhalinin ən böyük problemi bununla həll olunub. Son vaxtlar Masallıya çoxlu qonaqlar gəlir. Diplomatik korpusun nümayəndələri, əcnəbi turistlər, işgüzar insanlar və s. təbiətin bu gözəl guşəsinə səfər edirlər. Təbii ki, rayona gələn yol bölgə haqqında insanlarda ilk təəssüratı formalaşdırır. Yol turizmin inkişafına birbaşa təsir edəcək”- deyə icra başçısı bildirir.

    Turizmin iqtisadiyyatın inkişafında böyük potensiala çevrildiyini və dünyanın əsas biznes komponentlərindən biri olduğunu yaxşı dərk edən rayon rəhbərliyi, qeyri-neft sektoru kimi kənd təsərrüfatı ilə yanaşı, bu sahəni də inkişaf etdirməyi hədəfləyib. Turizmi dünyanın təkcə dinamik hadisələrindən biri kimi deyil, həm də iqtisadi, sosial və mədəni fəaliyyətin mühüm hissələrindən biri kimi dəyərləndirən R.Hüseynov turizm əlaqələri və onun iqtisadi təsirinin kənd turizminə, təbiətinin gözəlliyindən zövq almaq üçün ekoturizmə, mədəni turizmə, ətrafdakı yerli əhalinin sosial həyatına təsirsiz ötüşməyəcəyinə əminliyini gizlətmir. Belə ki, bir çox ölkələrdə əhalinin məşğuliyyətinin 50 faizinin birbaşa və ya dolayısı ilə turizmlə bağlı olduğunu nəzərə alsaq, bu, yerli əhalinin məşğulluğuna da müsbət təsir edəcək.

    İnkişafın ünvanı olan rayon - Fotolar
    İcra başçısının sözlərinə görə, turistlərin rayona cəlb olunması üçün səbəblərdən başlıcası Masallı rayonunun termal sulara malik olmasıdır: "Təsadüfi deyil ki, sovet dövründə bu ərazi ümumittifaq kurortu elan edilib. Bu gün isə bu müalicəvi sular beynəlxalq kurort səviyyəsindədir. Bu suyun geniş imkanları və kurort kimi inkişafı üçün 2016-cı ildə ölkə başçısına müraciət etdik. Yəqin ki, Masallıda beynəlxalq turizm şəhərciyi salınacaq. Biz bu qərarın icrasını keçən ilin sonu üçün gözləyirdik. Hazırda mərkəzin layihələşməsi gedir. Bu günlərdə tikintini həyata keçirəcək qrupun nümayəndəsi ilə görüşdük. Biz onlara yer də seçmişik”. İnfrastrukturun yaradılması üçün icra başçısı Yaponiya təcrübəsini də öyrənib: "Fuji şəhərində termal qaynaqlar var. Ancaq yaponların məxsus olduğu termal suların keyfiyyəti bizdəki kimi deyil. Yaponlar uzaq məsafəyə baxmayaraq, bu termal sulara görə ölkəmizə gəlməyə hazırdırlar. Bizim onlarla qardaşlaşma ilə bağlı niyyət protokolumuz da var idi. Sadəcə, sənədləşmə başa çatmayıb. O cümlədən, rayonumuz Türkiyənin Afyon şəhərinin Sandıklı bələdiyyəsi ilə qardaşlaşıb. Türkiyədə ən əhəmiyyətli termal sular məhz bu bölgədədir”.

    Termal sulardan lazımınca istifadə edilərsə...

    İcra başçısı bölgədəki termal sulardan lazımınca istifadə olunmadığını təəssüflə bildirir: "İsti su” istirahət mərkəzi turistlərin daha çox gəldiyi şəfa ocağıdır. Təəssüf ki, yeraltı nemətdən lazımınca istifadə olunmur. Sular boşuna axıb gedir. Müalicəvi turizm şəhərciyinin salınması bölgəni böyük turizm məkanına çevirəcək. Bu istiqamətdə sahibkarların da fəallığı əhəmiyyətlidir”. R.Hüseynov bildirdi ki, iyun, iyul və avqust aylarında bu sulardan istifadə etmək üçün Masallıya gələnlər xüsusən çoxdur. Qalan vaxtlarda isə su boşuna axıb gedir. "Beynəlxalq Turizm Mərkəzi yaradılandan sonra isə təbii ki, onun fəaliyyətinə uyğun infrastruktur da qurulacaq. Artıq turizm mövsümi olmayacaq, bütün ili əhatə edəcək. Rayonda iki, üç, dörd və beşulduzlu otellərin tikilməsi planlaşdırılır. Həmçinin ailəli qonaq evləri də salınacaq. Məsələn, qonşuluqdakı İran bu cür qonaq evlərindən istifadə etmək istəyir. Onlar ucuz iki və üçulduzlu otellərdə qalmaq istəyirlər. O cümlədən, Rusiyadan, Türkiyədən termal sulardan istifadə üçün gələnlər olacaq. Eləcə də, Azərbaycanın özündə bu sulardan istifadə etmək istəyən kifayət qədər insanlar var. Əgər biz həmin ərazidə normal infrastruktur və şərait yaratsaq, turizmin beynəlxalq inkişafı təbii ki, mümkündür. Biz bununla bağlı vaxtilə Beynəlxalq Termal Sular Assosiasiyasına daxil olmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə də müraciət etmişik. Hazırda bu quruma şərti daxil olmaq imkanındayıq. Hesab edirəm ki, gələcəkdə burada çox böyük turizm marşrutu yarana bilər”.
    İcra başçısının ehtimalına görə, infrastruktur qurularsa, təkcə İrandan 80 min turistin gəlməsi gözlənilir: "Bu qədər turistin gəlməsi elə bu qədər Masallı əhalisinin dolanması deməkdir. Bir turist bir insanın yaşam xərcləridir. Həmçinin gələn turist kəndlinin satdığı məhsullardan, əl işlərindən alacaq. Onu da deyim ki, Masallıda yaradılacaq mərkəzin fəaliyyəti bölgədəki digər rayonların da inkişafına ciddi təsir göstərəcək. Bura gələn turistlərin müəyyən bir qismi həmin rayona da gəzməyə gedəcək. Ona görə, bu istiqamətdə bir menecment siyasəti yürüdülməlidir. Çünki bu bölgədə – Astaradan başlayaraq Cəlilabad rayonuna qədər termal sular mövcuddur. Masallının özündə isə hələ istifadəyə verilməyən termal su qaynaqları var. Bu baxımdan turizmin inkişafı ilə bağlı böyük perspektivlər var”.
    İcra başçısı bildirdi ki, Beynəlxalq Turizm Mərkəzinin yaradılması böyük vəsait tələb edir: "Dövlət öz üzərinə düşən işi yerinə yetirir. Yol, su-kanalizasiya xətləri çəkilib. Su anbarı var. İşıq və qazla təminat həyata keçirilir. Qalan vəzifələr isə sahibkarlıq subyektlərinin işidir”.
    Turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrin bərpasına gəlincə, icra başçısı bu sahədə də problemlərin olduğunu gizlətmir: "Bir neçə tarixi tikilinin bərpasına ehtiyac var. Ərkivan-Qala bazarının turistlər üçün bazar kimi fəaliyyətinin qurulmasını istəyirəm. O bazarın qurulması üçün sahibkar tapa bilmirik. Ancaq inanıram ki, imkan olanda biz o bazarı qura biləcəyik”.
    Rayonda Park Bulvar Kompleksinin tikintisi də davam edir. Cənab Prezident Masallıya səfər edərkən Viləş çayının şəhər hissəsində yeni salınan Park-Bulvar kompleksinin tikintisi ilə tanış olub. Artıq 559 kv. metr hissədə işə başlanılıb. Çayın hər iki sahilini əhatə edəcək bulvarın tikintisinə böyük xərc qoyulub. Ancaq onun başa çatdırılması daxili imkanlar hesabına mümkün deyil. Ölkə başçısının tapşırığı ilə smeta xərcləri ilə bağlı aidiyyatı qurumlara məktub təqdim edilib.
    Bir sözlə, Masallı sosial-iqtisadi inkişafı davam etdirmək üçün bir-birinin ardınca layihələr həyata keçirməkdədir. İnsanların rifahına, rayonun inkişafına yönəlik planlar isə çoxdur...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR