Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi
Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə Anım Gününə həsr olunmuş aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azadmedia.az-a verilən məlumata görə, 27 sentyabr-Anım Gününə həsr edilən aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar