“Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” adlı beynəlxalq elmi konfrans keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyi tərəfindən təşkil olunmuş beynəlxalq elmi konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Özbəkistan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülbahar Aşurova, Türkiyənin “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb, tədbirin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bu ideyanın digər paytaxt məktəbləri üçün yaxşı nümunə olacağına inamını ifadə edən M.Vəliyeva təhsil müəssisəsində Azərbaycanın milli-mənəvi dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu söyləyib. Bildirib ki, bu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir.
M.Vəliyeva onu da qeyd edib ki, aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər, konfranslar, təqdimatlar keçirilir, görkəmli aşığın yaradıcılığı yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.
Daha sonra çıxış edənlər Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülbahar Aşurova, Türkiyənin “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.
Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Daha sonra “Aşıq Ələsgər və tarix”, “Aşıq Ələsgər və filoloji fikir”, “Aşıq Ələsgər və tarix elmləri” mövzularında bölmə iclasları keçirilib.