Məşhur Məmmədov
Milli Məclisin deputatı İsraildə Meron dağında dini bayram - Laq ba-Omer bayramının keçirilməsi zamanı tribuna uçub, nəticədə onlarla insan öldüb, 100 nəfər xəsarət alıb. Qardaş İsraildə baş verənlər hamımızı sarsıtdı. Çünki 44 günlük Vətən Müharibəsində İsrailin ölkəmizə maddi və mənəvi dəstəyini xalq olaraq, dövlət olaraq heç vaxt unutmayacağıq. Artıq illərdir ki, Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı ciddi əlaqələr qarşılıqlı maraqlara söykənir.
Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan İsraildən ən müasir silahlar alır və bu silahlar ərazilərimizin işğaldan azad edilməsində, ölkə sərhədlərinin qorunmasında çox böyük rol oynadı. İsrailin istehsal etdiyi "Dron"lar 44 günlük Vətən Müharibəsində əvəzsiz rol oynadı.
Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması, ölkələrimizin inkişafına və təhlükəsizliyin təmin olunmasında böyük rola malikdir. Unutmaq olmaz ki, İsrail Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsində çox mühüm rol oynayaraq, dostluq münasibətini və ölkəmizin təhlükəsizliyinin, milli maraqlarımızın qorunmasında maraqlı olduğunu ortaya qoymuş oldu.
Azərbaycan-İsrail arasındakı qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. İsrail həm də Azərbaycan neftinin ən böyük alıcılarındandır.
İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarını müdafiə edib. Bu, o deməkdir ki, İsrail-Azərbaycan münasibətlərinin kökündə dərin, düşünülmüş, gələcək inkişafa və qarşılıqlı maraqlara söykənən siyasət durur. Məhz yuxarıda sadaladıqlarım səbəblər üzündən hazırda Azərbaycan və yəhudi lobbisinin əməkdaşlığı eməniləri qorxuya salan əsas amillərdən biridir.
Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan dostluq, qardaşlıq münasibətlərinin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar.
Yəhudi əsilli azərbaycanlı Qod Nisanov istər müharibə dövründə, istərsə də hazırda Qazilərə dəstəyi ilə Azərbaycanda hər iki xalqın fəxrlə danışdığı şəxsdir.
Baş verən hadisə ilə bağlı dəstəyini hər zaman hiss etdiyimiz İsrailə başsağlığı verir, dərdinə şərik olduğumuzu bildiririk.