AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

  • + A
  • - A
  • 12-04-2023, 16:14

    Milli Məclisin sədri Sahibə Qafarova ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

    Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.
    Nümayəndə heyətini Azərbaycan parlametində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri qonağa yeni vəzifəsində uğurlar arzulayıb. Spiker bildirib ki, bu gün cənab Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərinizdə bölgədəki vəziyyət barədə məlumat almısınız.
    Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb və regionumuz münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan münaqişəni öz gücünə həll edərək ərazi bütövlüyünü təmin etdi. Keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh müqaviləsi imzalamağı təklif edib. Lakin Ermənistan hələ də danışıqlarda destruktiv mövqe tutur, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldadır və münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozur. Dünən Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat və bizim 3 hərbçimizin həlak olması bunun bariz nümunəsidir.
    Ümid edirik ki, Ermənistan bu cür hərəkətlərdən çəkinəcək, siyasi iradə göstərəcək və iki ölkə arasında sülh sazişinin imzalanması üçün əməli addımlar atacaq.
    Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının öz siyasi, sosial və iqtisadi məkanlarına reinteqrasiyası üzərində işləyir. Onlara bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlar təmin ediləcək. Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan möhkəm hüquqi zəmin yaradır.
    Azərbaycan parlamentinin üzvü Ramin Məmmədov Azərbaycan Respublikasında yaşayan etnik ermənilərlə təmaslara görə məsul şəxs təyin edilib. İlk görüş 1 mart 2023-cü ildə baş tutdu və bu proses davam etdiriləcək.
    Sabibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Bütün keçmiş məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar və bu proses artıq başlayıb. Lakin Ermənistan tərəfindən quraşdırılmış 1 milyondan çox mina bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi mane olur. Mina partlayışları nəticəsində 300-dən çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan ATƏT-in münaqişədən sonrakı bərpa və yenidənqurma səylərində müəyyən rol oynayacağını gözləyir.
    Spiker bildirib ki, ATƏT-in Azərbaycanın mina əleyhinə fəaliyyət Agentliyinin (ANAMA) potensialının artırılması üzrə layihələrinin reallaşdırılmasına, məcburi köçkünlərin geri qaytarılmasına öz köməyini göstərəcəyinə ümid edirik. ATƏT üçün bu, regionda sülhün möhkəmləndirilməsi prosesinin bir hissəsi olmaq üçün bir fürsətdir. Bu məsələdə Şimali Makedoniya sədrliyinin dəstəyinə ümid edirik.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının fəaliyyətində fəal iştirak edir. Bakı, hətta ATƏT PA-nın illik toplantısına ev sahibliyi etdi. Azərbaycan və Şimali Makedoniya nümayəndə heyətləri də ATƏT PA-da müsbət əməkdaşlıq edirlər.
    Görüş üçün təşəkkürünü bildirən Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri və aparılan danışıqlar barədə təəssüratlarını bölüşüb. O, bildirib ki, bu cür səfərlər münasibətlərin vəziyyətinə yenidən nəzər salmağa və reallığı daha yaxşı başa düşməyə kömək edir.
    Qonaq diqqətə çatdırıb ki, Şimali Makedoniya müxtəlif etnik qrupların birgə yaşadığı ölkədir və postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində böyük təcrübəyə malikdir. ATƏT sədri ölkəsinin bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
    Söhbət zamanı qonaq siyasi dialoqun inkişaf etdirilməsi, regionda sülhün təşviqi, gələcəyə baxış və digər məsələlər barədə fikirlərini bölüşüb, bu sahədə ATƏT-in görə biləcəyi işlərdən danışıb.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR