İsrail gecə boyu Qəzzanı bombalamağa davam edib. Mühasirəyə salınan şəhərdə nə işıq, nə su, nə qaz var. Fələstin Qəzzaya qida və tibbi yardım üçün “təhlükəsiz dəhliz” yaratmağa çağırıb.
İsrailin müdafiə naziri Yoav Qallant "Bütün məhdudiyyətləri aradan qaldırdım. İndi tam hücuma keçirik" deyib. O bildirib ki, Qəzza "heç vaxt əvvəlki kimi olmayacaq".
Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə "İşğalçı İsrail fələstinlilərə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfordan istifadə edir" deyilib.
İsrailin Qəzzanın şimalındakı Kerame bölgəsində fosfor bombasından istifadə etdiyi bildirilib.
Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hava hücumu nəticəsində bölgədə bir çox bina dağıdılıb.
Şəhərin qərbində yerləşən Məcmai Ənsar bölgəsində güclü tüstü qalxıb.
Qəzzada Mülki Müdafiə Müdirliyi, İsrailin bombardmanları nəticəsində dağılan evlərin sayına görə işçi qruplarının qeyri-kafi olduğunu açıqlayıb.
Hava hücumlarına məruz qalan ərazinin sakinləri şəhərin mərkəzinə sığınıblar.
137 mindən çox fələstinli Birləşmiş Millətlər Təşkilatının Qəzza zolağındakı məktəblərinə sığınıb.
Birləşmiş Millətlər Təşkilatı İsrailin Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid bir məktəbi "birbaşa" hədəfə aldığını açıqlayıb.
İsrail donanmasına məxsus hücum qayıqları yaşayış məntəqələrini hədəfə alır. Qəzza sərhədində ordunun yığılması diqqət çəkir.
Hava zərbələri nəticəsində xarabalıq şəhərə çevrilən Qəzzada elektrik və su kəsilib, qida girişi dayandırılıb.
Fələstin Qəzzaya qida və tibbi yardım üçün “təhlükəsiz dəhliz” açılmasını istəyib, davam edən humanitar böhrana diqqət çəkib.
"Həmas"ın liderlərindən olan Talal Nassar müharibə şəraiti səbəbindən əsir götürülən israilli məhbusların işgəncələrə məruz qalması və ya öldürülməsi ilə bağlı iddiaları təkzib edib.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.