Akademik, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru İbrahim Cəfərov POMİDORDA FİTOFTOROZ XƏSTƏLİYİ və onun aradan qaldırılması yollarını yazıb. Azadmedia.az akademik İbrahim Cəfərovun maraqlı məqaləsini təqdim edir:Dünyanın pomidor becərən bütün ölkələrində bu xəstəlik geniş yayılmış və təhlükəli xarakter daşıyır. Həm örtülü, həm də açıq qruntda becərilən pomidorlar üçün xarakterikdir. Bundan əlavə fitoftotoz xəstəliyi ilə pomidordan əlavə Badımcançiçəklilər-Solanaceae fəsiləsinə mənsub olan kartof, badımcan, bibər də yoluxurlar. Bu xəstəliyi protist mikroorqanizmlərin nümayəndəsi olan Phytophthora infestans d Bary göbələyi törədir. Adətən onlara yalançı göbələklər də deyilir. Phytophthora cinsinə aid olan 100 göbələk mədəni və yabanı bitkilərdə xəstəlik törədirlər. Pomidor bitkisinin yarpaq, zoğ, budaq və meyvələri fitoftorozla yoluxurlar. Çox zərərli xəstəlikdir, itki bəzən 70-80%~lə xarakterizə edilir. Adətən ilkin olaraq fitoftorozla kartof yoluxur və təxminən 14 gün sonra xəstəlik pomidora da keçir. Örtülü və açıq qruntda becərildiyindən inokulyum miqdarı daim yüksək səviyyədə saxlanılır.
Yoluxan yarpaqların səthində qonur ləkələr əmələ gəlir, nəticədə onlar quruyur və tökülürlər. Əsasən xəstəliklə alt yarpaqlar yoluxurlar. Pomidorun gövdələri fitoftorozla yoluxan zaman səthdə tünd qonur ləkələr xətt şəklində meydans çıxır. Meyvələrdə qonur bərk, qeyri bərabər səthli ləkələr inkişaf edir. Pomidorda fitotforoz çoxlu yağmurlar düşəndə və gecə ilə gündüz temperaturları arasında kəskin fərq yarananda daha intensiv inkişaf edir. Quru və ist mühitdə törədicinin konidi sporları tez bir zamanda məhv olurlar. Fitopatogen 90%~dən yuxarı nisbi rütubətdə, 16-20 C temperaturda optimal inkişaf edir. Xüsusilə istixananın tərləyərək damcı suların bitkinin səthinə düşməsinə qəti yol vermək olmaz.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
1. Birinci növbədə həm istixanada, həm də açıq sahədə becərilən bitkilərin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Bitkilərin normal havalandırılması təmin edilməli, toxumiar səpinqabağı dərmanlanmalı, fitoftoroza qarşı davamlı sort və hibridlərdən istifadə edilməlidir.
2. Xəstəliklə bağlı Fitosporin, Dendrobatsilin kimi biopreparatlardan istifadə ekoloji təmiz məhsul almağa zəmin yaradır.
3. Fitoftoroz ciddi xəstəlik olduğundan kimyəvi mübarizə istisna edilmir. Bu zaman çiləmələr hər iki qruntda profilaktiki çiləmələrə uyğunlaşdırılmalı və kontakt, sistem təsirli fungisidlərdən növbəli istifadə edilməlidir. Bu zaman bordo məhlulu, Koside, Akrobat-M, Ridomil Qold, Ridomil Qold Ms və s səmərəli ola bilir.
XAIQ TƏBABƏTİ:
1. Kiçik bağ evlərində becərilən pomidor əkinlərində sarımsaq məhlulundan istifadə edilə bilər. Bunun üçün 100 qram sarımsaq götürülür, xırdalanır,200 ml suya əlavə edilir, 24 saat saxlanır, süzülür. Bu məlul 10 l suya qarışdırılır və pomidor kolları dərmanlanır, məhlula əlavə edilən bir qram marqans işçi tərkibi daha da gücləndirir.
2. Yod. Bir vedro suya bir litr süd qatılır və 20 damcı yod əlavə edilir. Bu məhlul da xəstəliyi dayandıra bilir.