Bu gün "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. QHT.az xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Hafiz Səfixanov çıxış edərək layihənin nəticələri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Hafiz Səfixanov vurğulayıb ki, layihə çərçivəsində Azərbaycanda minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Layihə müddətində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib, bir sıra ölkələrdən ekspert dəstəyi təmin olunub və müvafiq texniki avadanlıqların ölkəmizə gətirilməsi təmin edilib: "Bu layihənin yekunu olaraq hazırlanan hesabat 16 bölmədən ibarətdir və 22 səhifədir. Hesabatın sonunda hökümətə, Media və Vətəndaş Cəmiyyətinə, beynəlxalq səviyyədə işin aparılması üçün təklif və tövsiyələr verilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hesabatın məzmununa və istifadə olunan terminologiyaya görə məsuliyyət daşımır. Azərbaycan bu gün dünyada minalar və müharibənin partlayıcı qalıqları ilə əraziləri ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın Azərbaycana ərazi iddiası nəticəsində 1988-2023 illərdə Ermənistanla olan münaqişə səbəbindən və keçmiş SSRİ-nin Azərbaycanda olmuş hərbi hissələrinin və anbarlarının arzu olunmaz mirası ilə üz-üzədir. Bu hesabat MƏAK İB tərəfindən hazırlanmışdır. Ölkədə mina və partlamamış hərbi sursat (PHS) problemləri ilə bağlı uzun müddət fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatı olaraq bu problemin miqyasını və son üç onillikdə əsasən mülki əhalinin ağır itkilərə məruz qaldığını vurğulayır.
Hesabat MƏAK İB üzvləri tərəfindən aparılan çöl tədqiqatlarına, həmçinin müsahibələrə, sənədlərin və media materiallarının təhlilinə əsaslanır, problemin miqyası və onun həlli üçün görülən işlər bu hesabatda əks olunur. Azərbaycan İkinci Qarabağ Müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etdikdən sonra problemin nə qədər böyük olduğu bir daha aydın oldu. Ermənistanla olan münaqişə səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün 2020-ci ildəki müharibənin nəticəsi geri qayıdış perspektivini açdı. Lakin çox qısa zamanda məlum oldu ki, bu prosesə böyük maneə var: bu məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərin həddindən artıq minalanması və PHS problemidir.
Məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüquqda da öz əksini tapmışdır. Hesabat Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Əsgəran, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə yerləşmiş Ağdam, Tərtər, Goranboy və Füzuli rayonlarının, 2023-cü ildə həyata keçirilmiş bir günlük anti-terror əməliyyatları zamanı azad edilmiş Ağdərə, Xocavənd, Xocalı, Əsgəran rayonlarının və Xankəndi şəhərinin, Ermənistan Respublikası ilə şərti dövlət sərhəddində yerləşən Qazax, Tovuz və Gədəbəy rayonlarının ərazilərində araşdırmaya əsaslanır. Bu şəhər və kəndlərə əhalinin geri qayıdışı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri mina təmizləmə aparıldıqdan sonra “Böyük Qayıdış” prosesinin daha geniş miqyasda necə baş verə biləcəyinin mənzərəsini təqdim edir.
Hesabatda çox saylı mina və PHS qurbanları ilə görüşlərin nəticəsi vurğulanır, minaların və PHS qurbanlara təsirinin ciddi narahatlıqlar yaratdığı əks olunur. Bu hesabatın məqsədi beynəlxalq ictimaiyyətdə qərar qəbul edən və rəy formalaşdıran şəxslərə Azərbaycanda minalar və PHS problemi haqqında qısa, lakin dəqiq vəziyyəti təqdim etməkdir. MƏAK İB öz hesabatında Azərbaycan hökumətinə, Azərbaycanın media və vətəndaş cəmiyyətinə və eyni zamanda beynəlxalq ictimaiyyətə konkret tövsiyə və təkliflərini ünvanlayır. Hesabatda Azərbaycan hökuməti yeni reallıqları nəzərə alaraq Minaların Qadağası Olunması Müqaviləsinə (Ottava Konvensiyası) qoşulmaq məsələsinə yenidən baxmağa çağırılır. Hesabat mülki əhalini, xüsusilə də öz doğma evlərinə qayıtmağı planlaşdıran məcburi köçkünləri mina riski haqqında daha geniş məlumatlı olmağa və mina qurbanlarının ehtiyaclarının öyrənilməsinə və bu ehtiyacların təmin edilməsinə çağırır. Hesabat eyni zamanda Azərbaycanın öz torpaqlarını minalardan və PHS-dən təmizləmək səylərinə çox böyük beynəlxalq dəstək tələb edir
Minatəmizləmə Əməliyyatları Üzrə Göstəricilər
(10.11.2020 – 31.07.2024)• Piyadalar Əleyhinə Mina: 32,940 ədəd
• Tank Əleyhinə Mina: 19,956 ədəd
• PHS (Partlayıcı Maddələr): 73,767 ədəd
Cəmi: 126,663 ədəd.
Mətbuat konfransında həmçinin, minatəmizləmə fəaliyyətlərinin vacibliyi, bu sahədə qarşıda duran əsas vəzifələr və gələcəkdə həyata keçiriləcək işlər müzakirə olunub. Hafiz Səfixanov bildirib ki, layihənin uğurlu icrası sayəsində Azərbaycanın minalardan təmizlənmiş ərazilərində məskunlaşmanın təhlükəsiz şəkildə həyata keçirilməsi üçün vacib şərtlər təmin olunub: "Azərbaycan, dünyada minalardan və partlamamış hərbi sursatlardan (PHS) ən çox zərər çəkmiş ölkələrdən biridir. Bütün hərbi əməliyyatlar beynəlxalq səviyyədə tanınmış ərazilərdə aparıldığı üçün, bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Landmine Monitor Report 2020 məlumatlarına əsasən, Azərbaycan minalanma baxımından ilk 10 ölkə sırasındadır. Vətən müharibəsindən sonra Azərbaycanın 12%-dən çox ərazisinin minalarla çirkləndiyi müəyyən edilib. Keçmiş təmas xəttinin arxasında və işğaldan azad edilmiş ərazilərdə 1,5 milyon mina olduğu təxmin edilir.
Mina tələlərinə və müxtəlif partlayıcı sursatlara əsasən kənd təsərrüfatı torpaqlarında, su mənbələrində və məktəblərdə rast gəlinir. Ermənistan, beynəlxalq təzyiqlərdən sonra, mina xəritələrini Azərbaycana üç mərhələdə təhvil verib. Lakin, təqdim olunan xəritələrin dəqiqliyi çox aşağıdır. Ermənistandan alınan xəritələrdə göstərilən mina sahələrinin yalnız 25%-i doğruluq təşkil edir. Keçmiş təmas xəttinin arxasındakı ərazilərdə isə minaların sayı hələ də məlum deyil. İran və digər qonşu ölkələrlə sərhədlərdə mina problemi yoxdur, lakin Ermənistanla sərhəd zonalarında minalar mövcuddur. Bu ərazilərdə vaxtaşırı mina partlayışları baş verir, nəticədə mülki şəxslər zərər görür". QHT sədri layihəyə dəstək verən bütün tərəfdaşlara minnətdarlığını ifadə edərək, gələcəkdə də bu istiqamətdə beynəlxalq dəstəyin artırılması üçün çalışacaqlarını vurğulayıb: "“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi (MƏAK İB) “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə və bu hesabatın hazırlanmasına göstərdiyi maliyyə yardımına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanova, sədrin birinci müavini Bəhruz Məmmədova, sədr müavinləri Ceyhun Rzayevə və Samir Poladova bu layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirik. Azərbaycan Ordusunun mühəndis-istehkam hissələrinin, milli mina təmizləmə qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun, “Qaya Safety Solutions”, “Alpha Demining”, “Safe Point” milli kommersiya mina təmizləmə şirkətlərinin əməliyyat rəhbərlərinə və mina təmizləyənlərinə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin regional koordinatorları və minadan zərərçəkənlərə layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə minnətdarlığımızı bildiririk. Bu layihəni daim diqqətdə saxladığı və yekun mətbuat konfransını geniş işıqlandırdığı üçün KİV-ə xüsusi təşəkkür edirik".