AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlığımı axtarıram...

  • + A
  • - A
  • Bu gün, 09:37

    Uşaqlığımı axtarıram...

    Təzəpirə hüzr yerinə getmişdim.
    Hava isti idi. Bakı o gün elə bil nəfəs almaqda çətinlik çəkirdi. Küçələrdə adam çox olsa da, Təzəpirin ətrafındakı məhəllələrdə qəribə bir səssizlik vardı. Sanki şəhərin içində bir şəhər yavaş-yavaş yox olurdu.
    Söküntülər gedirdi.
    Bir vaxtlar insanların yaşadığı evlərdən geriyə daş-divar qalıqları, qapı-pəncərə yerləri, toz-torpaq və uçulmuş həyətlər qalmışdı. Bəzilərində hələ də həyatın izləri görünürdü: divara mıxlanmış paslı bir asılqan, yarımçıq sökülmüş soba, həyətin küncündə qurumuş ağac...
    Bura Bakının qədim yaşayış məhəllələrindən idi. Socetski deyilən məhəllənin aşağı tərəfləri.
    Bu məhəllələrdə neçə-neçə nəsil doğulmuş, böyümüşdü. Uşaqlar küçələrdə oynayıb böyümüş, qapıların ağzında qonşular saatlarla söhbət etmiş, toylar, yaslar, bayramlar, uşaqların gülüşləri bu küçələrin yaddaşına hopmuşdu.
    İndi isə həmin yaddaşın özü sökülürdü.
    Düzdür, evlərin qarşılığında pul verilirdi. Amma o pulla şəhərin mərkəzində, doğma məhəllənin yerindəki həyatını almaq mümkün deyildi.
    İnsan evini dəyişə bilər.
    Amma uşaqlığının yerini dəyişə bilmir.
    Elə həmin gün söküntülərin arasında bir qoca kişi gördüm.
    Bir daşın üstündə oturmuşdu. Əlində dəsmal vardı. Arabir üzünü, gözlərini silirdi.
    İsti havada, tozun içində, ətrafında uçulmuş evlər...
    Nə işi vardı bu adamın burada?
    Yaxınlaşdım.
    — Əmi, bu istidə burada neynirsən? Nə axtarırsan belə?
    Kişi əvvəl başını qaldırıb üzümə baxdı.
    Bir neçə saniyə susdu.
    Sonra sanki illərdir içində saxladığı bir ağrıya toxunmuşdum.
    Hönkür-hönkür ağlamağa başladı.
    Mən nə deyəcəyimi bilmədim.
    Bir azdan dəsmalını gözlərinə basıb dedi:
    — Mən burda evimizi axtarıram...
    Susdu.
    Sonra əlavə etdi:
    — Uşaqlığımı axtarıram.
    Səsi titrədi.
    — Gəncliyimi axtarıram. Uşaqlarla oynadığım vaxtları... güldüyümüzü... dalaşdığımızı... anamı axtarıram... atamı axtarıram...
    Ətrafa baxdı.
    — Amma tapa bilmirəm.
    Sonra üzünü mənə tutdu.
    — Bəlkə siz tapasınız onları mənə...
    O an ürəyim üşüdü.
    Nə deyə bilərdim?
    Adətən adam evini axtaranda ona ünvan göstərirlər.
    Bu adam isə evini yox, keçmişini axtarırdı.
    Mən də onunla birlikdə dağıntıların arasına baxmağa başladım. Bilirdim ki, axtardığı şeylərdən heç birini burada tapa bilməyəcəyik.
    Çünki onun axtardığı ev artıq yox idi.
    Anası yox idi.
    Atası yox idi.
    Uşaqlığı yox idi.
    Hətta uşaqlığını xatırladığı küçə belə yox idi.
    Sonradan bildim ki, bu kişi uzun illər Azərbaycandan kənarda yaşayıb.
    Həyat onu bir yerdən başqa yerə atıb. Başına çox iş gəlib. İllər keçib. Saçları ağarıb, üzü qırışıb.
    Və nəhayət, illər sonra Bakıya qayıdıb.
    Doğulduğu, böyüdüyü məhəlləyə gəlib.
    Amma ona heç kim deməyib ki, burada artıq əvvəlki məhəllə yoxdur.
    O, yəqin ki, xəyalında həmin küçələri olduğu kimi saxlamışdı.
    Uşaqlığını necə qoyub getmişdisə, eləcə də tapacağını düşünmüşdü.
    Bəlkə evlərinin qapısına yaxınlaşacaq, uşaqlıqda əlini divara sürtdüyü yeri tanıyacaq...
    Bəlkə küçənin başında uşaqlıq dostlarından birini görəcək...
    Bəlkə anasının pəncərədən ona səsləndiyini eşidəcək...
    Bəlkə atasının həyətdə oturduğunu görəcək...
    Amma gələndə qarşısına evlər yox, ekskavatorlar çıxmışdı.
    Küçələr yox, dağıntılar vardı.
    Xatirələrin yerində toz qalxırdı.
    Və o, həmin tozun içində uşaqlığını axtarırdı.
    Mən ona heç nə deyə bilmədim.
    Çünki bəzən insana “burada heç nə yoxdur” demək dünyanın ən ağır cümləsinə çevrilir.
    O kişi hələ də daşın üstündə oturmuşdu.
    Əlindəki dəsmalla gözlərini silirdi.
    Mən isə düşünürdüm:
    Görəsən, şəhərlər söküləndə yalnız evlərmi uçur?
    Yoxsa o evlərlə birlikdə insanların xatirələri, uşaqlıqları, ata-analarının səsi, ilk sevgiləri, ilk qorxuları, ilk sevincləri də bir az sökülür?
    Bəlkə şəhərin bir küçəsini sökmək asandır.
    Amma o küçədə yaşamış minlərlə insanın yaddaşını harasa köçürmək mümkün deyil.
    İnsan başqa evdə yaşaya bilər.
    Başqa küçədə, başqa binada, başqa şəhərdə də yaşaya bilər.
    Amma uşaqlığının qapısını heç yerdə yenidən tapa bilməz.
    O gün Təzəpirə hüzr yerinə getmişdim.
    Amma söküntülərin arasında bir insanın bütün keçmişinin yasını tutduğunu gördüm.
    Və anladım ki, bəzi adamlar evlərini itirəndə sadəcə bir damı itirmirlər.
    Bəziləri evləri ilə birlikdə özlərinin bir hissəsini də itirirlər.
    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist
    12.08.2026 Bakı





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR