AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbli forması ilə bağlı müzakirələr: Azərbaycan niyə hədəfə çevrilir?

  • + A
  • - A
  • Bu gün, 13:03

    Məktəbli forması ilə bağlı müzakirələr: Azərbaycan niyə hədəfə çevrilir?

    Türk dövlətlərində də vahid geyim qaydaları tətbiq olunur, Azərbaycanda isə yeni tələblər dünyəvi və neytral təhsil mühiti prinsipi ilə əsaslandırılır

    Son günlər Türkiyə mediasının və sosial şəbəkələrin bəzi seqmentlərində Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələr fərqli siyasi və ideoloji çalarlarla təqdim olunur. Xüsusilə vahid məktəbli forması ilə bağlı yeni tələblərin dini və mədəni kimliyə qarşı addım olduğu iddia edilir.

    Bizim.Media-ya istinadən xəbər verir ki, məsələyə hüquqi çərçivə və türk dövlətlərinin təcrübəsi əsasında yanaşdıqda isə fərqli mənzərə ortaya çıxır.

    Vahid məktəbli forması yalnız Azərbaycana xas yanaşma deyil. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda da məktəblilərin geyimi ilə bağlı müxtəlif qaydalar mövcuddur.

    Qazaxıstanda orta təhsil müəssisələri üçün məktəbli formasına dair tələblər 2016-cı ildə müəyyənləşdirilib. Qırğızıstanda 1–11-ci sinif şagirdləri üçün vahid forma tələbləri 2015-ci ildən tətbiq olunur. Özbəkistanda isə vahid məktəbli formasının tətbiqi 2018-ci il tarixli Nazirlər Kabinetinin qərarı ilə hüquqi çərçivəyə salınıb.

    Azərbaycanda da bu istiqamətdə hüquqi baza yenilənib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib.

    Bundan əvvəl, iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilərək “millilik və dünyəvilik” prinsipi ayrıca təsbit olunub. Eyni zamanda dövlət ümumi təhsil müəssisələrində təhsilalan və təhsilverənlərin geyim qaydalarına riayət etməsi nəzərdə tutulub.

    Burada əsas məqsəd məktəbdə vahid, neytral və hamı üçün bərabər təhsil mühitinin formalaşdırılmasıdır. Dünyəvilik dini inancın inkarı deyil, müxtəlif dini və dünyagörüşü qruplarına münasibətdə neytral yanaşmanı nəzərdə tutur.

    Yeni qaydaların yalnız şagirdlərə deyil, müəllimlərə və digər təhsilverənlərə də şamil olunması məsələnin dini qrupların hədəfə alınması kimi təqdim edilməsini əsaslı etmir. Valideynlər də övladlarının müəyyən edilmiş məktəbli formasına əməl etməsini təmin etməlidirlər.

    Digər tərəfdən, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyim və onun elementlərindən istifadəyə imkan verilməsi göstərir ki, məqsəd milli kimliyin sıxışdırılması deyil.

    Azərbaycanın dünyəvi dövlətçilik modeli multikultural dəyərlərlə yanaşı, müxtəlif dini konfessiyaların birgə yaşamasına əsaslanır. Bu baxımdan məktəbdə vahid geyim qaydalarının tətbiqini dini dözümsüzlük kimi təqdim etmək düzgün deyil.

    Beləliklə, məktəbli forması ilə bağlı dəyişikliklər Azərbaycanın öz hüquqi və ictimai modelinin tərkib hissəsidir. Məsələnin yalnız dini müstəvidə təqdim olunması isə mövcud hüquqi çərçivəni nəzərə almayan yanaşmadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR