Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Biləsuvar abituriyentlərinin onlayn formatda görüşü təşkil olunub.
Tədbir “ZOOM” platforması üzərindən təşkil olunub. Biləsuvar rayonunun məktəb direktorları və ərazi üzrə builki abituriyentlər, həmçinin onların valideynləri görüşdə iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan Biləsuvar Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov tədbirin əhəmiyyətindən bəhs edib. Rayon Təhsil Şöbəsinin “Universitetlərimizi tanıyaq” layihəsi çərçivəsində təşkil etdiyi görüşün abituriyentlərə ali məktəblərə ixtisas seçimi zamanı kömək edəcəyini vurğulayıb.
Daha sonra Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov çıxış edib. O, tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şərait haqqında məlumat verib. Qeyd edib ki, ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, peşəkar mütəxəssis kimi yetişmələri, dinin mahiyyətini və əsaslarını, milli-mənəvi dəyərlərimizi öyrənmələri istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
M.Mürsəlov İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirib. Qeyd edib ki, ali tədris müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə marağının artırılmasına, fənlər üzrə bilik və bacarıqlarının inkişafına çalışır. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini də nəzərə çatdırıb.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.