AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutu və Pakistan Müsəlman İnstitutu "İslamda mötədillik konsepsiyası" mövzusunda vebinar təşkil edib

  • + A
  • - A
  • 30-06-2021, 13:14


    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Pakistan Müsəlman İnstitutu arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində "İslamda mötədillik konsepsiyası" mövzusunda vebinar təşkil olunub.
    “ZOOM” proqramı vasitəsilə baş tutan tədbirdə hər iki müəssisənin alim və mütəxəssisləri müxtəlif mövzularda çıxışlar ediblər.
    Salamlama və açılış nitqi ilə çıxış edən Pakistan Müsəlman İnstitutunun rektoru Sahibzada Sultan Ahmed Ali Aİİ ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və belə tədbirlərin keçirilməsinin vacibliyinə toxunub.
    Aİİ rektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, yalnız başqa mədəniyyətlərlə hesablaşan və onların nailiyyətlərindən istifadə edən mədəniyyətlərin inkişaf edə biləcəyini vurğulayıb. İslam mədəniyyətinin başqa mədəniyyətlərə eksklüziv deyil, inklüziv yanaşdığını qeyd edən A.Şirinov bildirib ki, İslam yarandığı dövrdən digər mədəniyyətlərin uğuruna biganə qalmamış, onların nailiyyətlərindən istifadə etməyə çalışmışdır.
    İslamın birgəyaşayış anlayışından söhbət açan rektor bildirib ki, fərqliliyimiz birlikdə yaşamağımıza maneə deyildir: “Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan tarixən islami birgəyaşayış ənənəsinin yaşandığı ən gözəl nümunələrdən biri olmuşdur”, – deyə o qeyd edib.
    A.Şirinov daha sonra mövcud vəziyyətin analizi və problemlərin həll yolları haqqında bəhs edib: “Qlobal bir kəndə çevrilmiş dünyamız tarixin heç bir dövründə olmadığı qədər bu gün mədəniyyətlərin ittifaqına və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsinə möhtacdır. Çox təəssüf ki, müasir dünyamızda bu ənənəni təhdid edən ünsürlər az deyildir. Bunun qarşısını almaq üçün İslamın ənənəvi ümumbəşəri dəyərlərinin modern insanın düşüncəsinə xitab edəcək şəkildə təqdim və təbliğ olunması böyük əhəmiyyət kəsb edir. Müsəlman teoloqlarının və din xadimlərinin üzərinə bu baxımdan böyük öhdəlik düşür”.
    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Ölçülmüş və balanslaşdırılmış olmağın cəmiyyətə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, münasibətlərin balanslaşdırılmasında qəbuletmə, razılaşma, həzm etmə, dözüm və səbir kimi insani fəaliyyət və keyfiyyətlər geniş şəkildə cəmləşir. Balanslaşdırılmış vəziyyətlərin təmin edilməsi həm də cəmiyyət üzvlərinin düşüncə tərzlərinin nisbi bərabərləşməsindən asılı olur.
    İlahiyyat fakültəsinin dekanı E. Əzizova vebinarda “İslam mötədilliyinin dinamikliyi: dini mətn, tarix və təcrübə” mövzusunda məruzə ilə çıxış edib.
    E. Əzizova məruzəsində dini ekstremizm zəminində son onilliklərin aktual mövzularından birinə çevrilən, həmçinin İslam dünyasında bir çox eyniadlı tədqiqat qurumlarının açılmasına səbəb olan mötədillik mövzusunun Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin hədislərindəki əsaslarından bəhs edib. Məruzəçi, həmçinin ondördəsrlik İslam mədəniyyətindən nümunələr gətirərək, mötədilliyin İslam cəmiyyətlərinin sosial, iqtisadi, hüquqi və dini həyatındakı rolunu vurğulayıb. O, Azərbaycanın nümunəsində, nəzəri əsasları İslamın Müqəddəs Kitabında və Peyğəmbərin sünnəsində əks olunmuş mötədilliyin müsəlman cəmiyyətlərinin həyat tərzindəki təzahüründən bəhs edib.
    Dinşünaslıq kafedrasının müdiri, dos. A. Qafarov məruzəsində mötədillik anlayışını birgəyaşayış nümunəsində müzakirə edib. Bildirib ki, elmi və texnoloji inkişaflar və qloballaşma çoxmədəniyyətli cəmiyyətlər üçün qaçılmazdır. Məsələni sosioloji aspektdən dəyərləndirən A. Qafarov multikultural mühitin cəmiyyətlər üçün üstünlükləri ilə yanaşı, sosial, mənəvi, dini və siyasi zəmində bəzi mənfi halların ortaya çıxmasına da şərait yaratdığını qeyd edib.
    Məruzəçi cəmiyyətdə mötədilliyin dəyər olaraq öyrənildiyini və onun yaşanan bir amil olduğunu vurğulayaraq, bu səpkili elmi-ictimai, mənəvi və siyasi tədbirlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Azərbaycanın bu istiqamətdə müsəlman ölkələrinə nümunə olduğunu qeyd edən A. Qafarov ölkəmizdə mötədillik və tolerantlığın hüquqi, mədəni, ədəbi və dini əsaslarından bəhs edib.
    Vebinarda Pakistan Müsəlman İnstitutunun məsul şəxslərinin və müvafiq sahə üzrə alim və mütəxəssisləri – Ravalpindi Qızlar Universitetinin keçmiş rektoru Prof. Dr. Aalia Sohail Khan, Pakistanın Çin və Belçikadakı keçmiş səfiri Naghmana Hashmi, NUST Sülh və Konflikt İnstitunun keçmiş müdiri, Dr. Shahid Ahmed Hashmatın müxtəlif mövzularda çıxışları dinlənilib.
    Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR