Yedigarov Kamil Həsən oğlu Tovuz rayonu Qovlar şəhəri Nizami küçəsi 1-də yaşayır. 1941-ci il təvəllüdlü Kamil baba probleminin həlli üçün Azadmedia.az-a müraciət edib, kömək istəyib. Beləki, 80 yaşlı Kamil Həsənoğlunun Dönük Qırıqlıda 1,2 ha torpaq sahəsi var. Ailəsi 11 nəfərdən ibarətdir. Tovuz rayonunun icra başçısı Məmmədov Məmmədlə torpaq sahəsinin qonşu olması Kamil kişinin işini cəncələ salıb. Zəyəm çayından gələn su birbaşa icra başçısının əkin sahələrinə axdığı üçün, sadə camaatının torpaq sahələri susuzluqdan yanır. 2020-ci ildə Yedigarov Həsənə məxsus əkin sahəsində susuzluq üzündən taxıl sahəsi yanıb, sadə kəndliyə 4 min manat zərər dəyib. Su idarəsinə müraciətinin hər dəfə cavabsız qaldığını bildirən ağsaqqal deyir ki, torpaq qonşusu Məmməd müəllim sudan qətiyyən korluq çəkməyib, bol məhsuldarlıq əldə edib. Gözünü ildə 1 dəfə məhsul götürməyə dikən Kamil Yedigarov icra başçısını 4 min dəymiş ziyanı qaytarmaq iddiası ilə məhkəməyə verib, aydın məsələdir ki, məhkəməni uduzub. Üzünü cənab Prezident İlham Əliyevə, Milli Məclisə, Qənirə xanıma tutub kömək istəyən ağsaqqala yazılan cavab məktublarında Tovuzun icra başçısına ağsaqqala dəyən ziyanın ödənilməsi tapşırılsa da, yazılanlar söz üzərində qalıb.
Haqsızlıqla barışmayan ahıl üz tutub Gəncə Apellyasiya Məhkəməsinə. Ordan da xəbər-ətər olmadığını bildirir. Kamil Yedigarovun bildirdiyinə görə Dönük Qırıqlıda başçının hektarlarla əkin sahəsinin olması bütün kənd əhalisi üçün su problemi yaradıb, susuzluqdan əziyyət çəkirlər. Lakin hər birinin dövlət işində işləyən qohumu olduğuna görə səslərini çıxara bilmirlər.
Azadmedia.az olaraq şikayəti Ədliyyə Nazirliyinə, Tovuz RİH başçısı Məmmədov Məmmədə göndərəcəyik və 80 yaşlı ağsaqqalın şikayətinə haqlı yanaşmalarını xahiş edəcəyik.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.