Elxan Kərimov 1998-ci ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Onun ən böyük arzusu vətəninin ərazi bütövlüyünə qovuşması və 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan dayısı İxtiyar Məmmədovun qisasını almaq olub.
İllərdir gözlədiyi gün ötən ilin sentyabrın 27-də Vətən müharibəsinin başlamasına təsadüf etdi. O, oktyabrın 9-u döyüşlərə yollanıb və ilk döyüş yolu Füzulidən başlayıb, daha sonra Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
2019-2020-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzindən “Qazla kəsən” peşəsi üzrə məzun olub. Kursu bitirdikdən sonra o, işə qəbul olunmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin sərəncamına göndərilib.
Lakin həmin dövrdə hərbi xidmətə çağırıldığından Vətən müharibəsində iştirak etdiyi dövrdə Birlik tərəfindən onun üçün ayrılmış yer saxlanılıb. Ordu sıralarından tərxis olduqdan sonra Birliyin Təmir-Tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsində 4-cü dərəcəli “Qazla kəsən” peşəsinə işə qəbul edilib.