Etibar Əliyev,
Milli Məclisin deputatıMəktəb həyatı haqda qayğı bütün bəşər tarixindən keçir, cəmiyyətin özünün həyatı isə bütün dövrlərdə məktəb haqda fikirlərlə zəngin olub. İnsan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır. İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf idealların burada həyata keçəcəyinə ümid bəsləyirlər. Məktəbdə bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir.
Bu keçmişimizin, indimizin necəliyi əsas etibarilə bizim hansı məktəbi qurmağımızla müəyyənləşdirilir.
Məktəbin üzərinə belə mühüm vəzifə qoymaqla cəmiyyət keçmiş, bu gün və gələcək qarşısında məsuliyyət daşımış olur. Əgər məktəb öz sosial vəzifəsini yerinə yetirərsə, gələcək ona dərin minnətdarlıq hissi ilə yanaşar. Lakin əgər məktəb bu ümidləri boğarsa, o təlatümlərlə üzləşib, amansız tənqid obyektinə çevrilə bilər. Məktəbə laqeydlik keçmişə və gələcəyə laqeydlik deməkdir. Məktəb həyatına etinasız yanaşan cəmiyyət və dövlətlər özünün heç ortabab gələcəyinin olmasına da ümid bəsləyə bilməz. Təsadüfi deyildir ki, hələ də dünyada elə ölkələr var ki, vətəndaşına orta təhsil vermək gücündə deyil. Savadsızlığın gətirdiyi xəstəliklər və sosial bəlalar çox amansız olur. Gənclərin cəmiyyətdə davranışları ailədən öncə birbaşa məktəblə əlaqələndirilir. Buna görə də məktəbin tərbiyə və nizam-intizam funksiyasına da diqqəti artırmaq lazımdır.
Ömrümüzün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur.
Məktəb həyatımızın ahəngini təyin edir.
Məktəb həyatının nəbzinin vurmasından biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik.
Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Zəmanənin sosial xəstəlikləri mütləq məktəbi də yoluxdurur, "xəstə məktəb"dən isə bu viruslar gələcək nəsillərə keçir. Xəstə valideyn hər şeydən əvvəl öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi, cəmiyyət də hər şeydən öncə məktəbi dövrün amansız xəstəliklərindən, həmçinin sosial xəstəliklərdən qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur.
Bəli məktəbi xilas etməklə cəmiyyətimizi xilas etmiş oluruq.
Yeni dərs ilində ənənəvi dərslərə qayıtmaq arzusu ilə...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.