Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya İdarəsində İctimai Şuranın növbəti iclası keçirilib. İclasda cari ilin üçüncü rübünün nəticələrinə nəzər salınıb, işçi qruplarının hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, ilin sonunadək icrası tələb olunan fəaliyyətlər müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, son üç ayda Şura üzvlərinə müraciət edən yüzdən artıq miqranta zəruri hüquqi məsləhətlər verilib və ehtiyacı olan şəxslərə məlumat dəstəyi göstərilib. Qeyd olunub ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Amma bununla yanaşı bildirilib ki, növbəti mərhələdə icra olunan fəaliyyətlər daha konseptual şəkildə yerinə yetirilməli və bu işlər miqrantlardan ibarət hədəf qrupları ilə sıx şəkildə həyata keçirilməlidir.
İclasda 2022-ci ilin birinci yarımilliyində icrası planlaşdırılan məsələlər ətrafında müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələrə münasibət bildirilib. Xüsusilə vurğulanıb ki, qarşıdan gələn dövr ərzində əsas diqqət bölgələrdə həyata keçirilən miqrasiya siyasətinin icra vəziyyətinin öyrənilməsinə, bu məqsədlə səfər və monitorinqlərin təşkil edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsinə və hədəf qrupları ilə yaxından işləyən vətəndaş cəmiyyəti institutlarının potensiallarının artırılmasına yönəldilməlidir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi məsələsi də daxili miqrasiya kontekstində İctimai Şuranın müvafiq işçi qrupunun diqqət mərkəzində saxlanılması vacib sayılan məqamlardandır.
İclasda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev icrası nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində təmsil etdiyi qurum tərəfindən zəruri təşkilati və texniki dəstəyin göstəriləcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.