Meksikanın anım tədbirində Natəvanın, Arəstə Baxışovanın xatirə guşələri yaradılıb
Meksikanın ən əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanların xatirəsini yad etmək üçün qeyd olunan Ölülər Günü münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü ilə başladılan, paytaxtın Migel İdalqo bələdiyyəsi ərazisində yerləşən bir sıra səfirliklərin iştirakı ilə keçirilən “Qadınlara həsr olunan xatirə güşələri” adlı tədbirlərdə Azərbaycan da iştirak edib.
Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə Səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan, 44 günlük Vətən müharibəsinin xanım şəhidi Arəstə Baxışova və Gəncə şəhərinə edilmiş raket hücumları zamanı həlak olmuş azyaşlı Narin Xalıqovaya həsr olunub.
Xanım soydaşlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Ölülər Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.
Paytaxt Mexikonun ən aparıcı rayonu olan Migel İdalqo bələdiyyəsinin (ölkə ÜDM-nin 3%-i formalaşdırır) başçısı, Mexiko şəhər hökumətinin rəsmiləri, KİV təmsilçiləri, QHT nümayəndələri, gənclər təşkilatları və şəhər sakinlərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara xatirə guşəsinin həsr olunduğu xanım soydaşlarımız, habelə milli anım adətlərimiz, Azərbaycanın xalçaçılıq, misgərlik və digər dekorativ sənət növləri, milli geyimlərimiz, eləcə də musiqi və ədəbiyyatımız haqda məlumat verilib, bu xüsusda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin qeyd edildiyi söylənilib və şairin zəngin ədəbi irsi haqda danışılıb. Xatirə guşəsinin iki gün ərzində ziyarətçilər üçün açıq olması nəzərdə tutulub.
Bir gün öncə isə Səfirliyin təşəbbüsü və Mexiko şəhəri hökumətinin dəstəyi ilə uzun illər Meksika prezidentlərinin iqamətgahı olmuş, hazırda mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Los Pinos sarayında Ümummilli lider Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb və cari həftə ərzində şəhər sakinləri tərəfindən böyük maraqla ziyarət edilməkdədir.
Bununla yanaşı, Ölülər Günü ilə bağlı Meksika federal hökuməti tərəfindən təşkil edilmiş anım paradında Azərbaycan milli bayrağı paytaxt Mexikonun əsas toplanış mərkəzi olan Konstitusiya Meydanında gəzdirilib.