İşğaldan azad edilmiş rayonlarımızda ilk təməli qoyulan da məhz dini ibadət yerləri - məscidlər olur. Bu, həm də ölkə rəhbərliyinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızın dini dəyərlərinə, bütövlükdə İslam dininə hörmətinin bariz nümunəsidir. Şübhəsiz ki, milli-mənəvi dəyərlərimizə diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev siyasəti dayanır.
Müstəqil respublikamızda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan insanlar da yaşayır və Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin dini etiqat azadlığı tam şəkildə təmin olunmaqdadır. Onlar ibadətlərini sərbəst, rahat şəkildə yerinə yetirə bilirlər. Bunun üçün Azərbaycanda hər cür şərait yaradılıb. Təəsadüfi deyil ki, bu gün ölkəmizdə 2000-dən artıq məscid, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada multikultralizm mərkəzi kimi tanınmaqdadır. Əminliklə deyə bilərik ki, ölkəmizi dünyada tolerantlıq diyarı kimi tanıdan, bu istiqamətdə uğurlu siyasət həyata keçirən dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinimizə, eləcə də İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.
Hazırda Hadrutda, Şuşada və digər işğaldan azad edilmiş rayonlarımızda məscidlər inşa olunmaqdadır. Tezliklə, 30 illik torpaq həsrəti çəkən keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında tikiləcək məscidlərdə namaz qılacaq, ölkəmizin daha da inkişafı, suverenliyinin əbədi olması naminə uca Yaradana dualar edəcəklər. O gün uzaqda deyil, bu günü bizə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları – şəhidlərimiz, qazilərimiz bəxş etdi.
Dilimizdən dualar, məscidlərimizdən azan səsi, ölkəmizdən sülh-əminamanlıq əskik olmasın.
Anar Məcidzadə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.