Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Komitə sədri Mübariz Qurbanlı iclası giriş sözü ilə açaraq bildirib ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Bu gün Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllər üzərində inkişaf edir. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla həyata keçirməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.
Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə müvafiq olaraq qurub və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində fəaliyyət göstərib. Komitə, tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə ilin əvvəlində müəyyən edilmiş Tədbirlər Planına uyğun olaraq işlərini davam etdirib.
Komitə sədri qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılması, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Bu baxımdan “Heydər Əliyev İli” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumların üzərinə də vəzifələr qoyur. Növbəti, 2023-cü ilin Tədbirlər Planında dini maarifləndirmə sahəsində geniş istiqamətlərin nəzərdə tutulduğu bildirilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin 2023-cü ildə nəzərdə tutulan tədbirlər barədə məruzəsi dinlənilib. V.Babayev bildirib ki, növbəti ildə dini təyinatlı ədəbiyyatların, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılacaq.
Eyni zamanda Agentlik Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə dinin düzgün təbliğinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almağa meyilli olan sakinlər üçün rayon məscidlərində qadın və kişilərdən ibarət təkmilləşdirmə kurslarının fəaliyyəti gələcəkdə də davam etdiriləcək. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar görüləcək işlərlə bağlı Agentliyin Tədbirlər Planı hazırlanıb.
Dövlət Komitəsinin 2023-cü ildə nəzərdə tutduğu tədbirlər barədə məlumatı DQİDK sədrinin müavini Gündüz İsmayılov iclas iştirakçılarının diqqətinə çatdırıb. G.İsmayılov Dövlət Komitəsi tərəfindən 2023-cü ildə görüləcək işlər barədə danışaraq qeyd edib ki, ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin, multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində konfrans, seminar-treninqlərin təşkili nəzərdə tutulur. Komitə rəsmisinin məruzəsindən sonra gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə 2022-ci ildə müsahibədən keçən və təyinat alan din xadimlərinin fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, Dövlət Komitəsi tərəfindən 25 oktyabr 2022-ci ildə İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədilə elan edilən müsahibədə ilk dəfə olaraq, qadın dini ayinlərin icraçısı vəzifə üzrə vakant yerlər müsahibəyə çıxarılıb. Belə ki, müsahibəyə çıxarılmış 44 vakant vəzifədən 7-i qadın dini ayinlərin icraçısı vəzifəsi olub. 25 noyabr 2022-ci il tarixində başa çatmış sənəd qəbulunun statistikasına əsasən İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə 44 vakant vəzifəyə 253 namizəd sənəd verib. Komitə rəsmisi bildirib ki, hazırda Dövlət Komitəsində 25 oktyabr 2022-ci ildə elan edilmiş müsahibənin imtahan mərhələsinə hazırlıqlar davam edir.
Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Aİİ-nin 2023-cü ildə fəaliyyət planı barədə məlumat verib. Rektor qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ilboyu elmi konfranslar, seminarlar, “dəyirmi masa”, təlimlər, esse yarışmaları, intellektual müsabiqələrin keçirilməsi nəzərdə tutulub. İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə regionlarda maarifləndirici səfərlərin və görüşlərin təşkili, o cümlədən ali təhsil müəssisəsinin sosial şəbəkələrində bu istiqamətdə reklam işinin aparılması həyata keçiriləcək.
Eyni zamanda Aİİ yeni fəaliyyətə başlamış "İlahiyyat TV" “Youtube” kanalı üçün İslam və digər elmləri özündə ehtiva edəcək proqramlarla dini maarifləndirmə istiqamətində doğru və düzgün məlumatların verilməsi, sosial-psixoloji və aktual problemləri özündə cəmləyən verilişlərin hazırlanması və yayımlanması nəzərdə tutulub. Bundan başqa xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində “Erasmus+” və “Mövlanə” tələbə mübadilə proqramlarının həyata keçirilməsi, tələbələrin dünyagörüşünün artırılması və maarifləndirilməsi, onların mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması, həmçinin gənclərə yüksək mənəvi keyfiyyətlər və vətənpərvərlik duyğularının aşılanması məqsədilə intellektual yarışların təşkili planlaşdırılıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun 2023-cü ildə görüləcək işlərinə dair məlumatla isə Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, Fond dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və təbliği, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətini davam etdirəcək. Növbəti ildə xüsusilə “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin, müsabiqələrin, konfrans və seminarların keçirilməsi prioritet istiqamətlərdən biri olacaq.
Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov etik davranış qaydalarına dair görülən işlər barədə məlumat verərək bildirib ki, Dövlət Komitəsində dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, etik davranış qaydalarına riayət edilməsi, sənədlərlə işin təşkili, elektron sənəd dövriyyəsi ilə bağlı proseslərə keçid, eyni zamanda dövlət qulluqçularının reyestrinin aparılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. A.Cavadov 2023-cü ildə keçirilməsi məqəsəduyğun sayılan təlimlərin əsas istiqamətlərini də kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Yekunda Aparat rəhbəri Amil Cavadov tərəfindən Kollegiyanın qərar layihəsi səsləndirilib və müzakirələrdən sonra qəbul edilib