AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda quru sərhədlərin açılış tarixi açıqlanıb

  • + A
  • - A
  • 28-03-2023, 15:40

    Azərbaycanda quru sərhədlərin açılış tarixi açıqlanıb

    Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, mayın 1-dən ölkədə xüsusi karantin rejiminin müddəti daha uzadılmayacaq. Eyni zamanda, quru sərhədləri də mayın 1-dən açılacaq. O, bu barədə yerli jurnalistlərə yaxın gələcəkdə quru sərhədlərinin açılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

    Qeyd edək ki, Azərbaycanın quru sərhədlərinin bağlanması ilə bağlı qərar hələ də qüvvədədir.

    Millət vəkili əlavə edib ki, bu gün bütün dünyada pandemiya dövründə qüvvədə olan qərarlar ləğv edilir. Azərbaycanda həmçinin xarici vətəndaşların ölkəyə girişi üçün icazənin verilməsinə, habelə onlardan COVID-pasportunun tələb olunmasına da ehtiyac qalmayıb. Nurullayevin sözlərinə görə, quru sərhədlərin bağlanması ilə bağlı qərarın ləğvinin vaxtı çatıb.

    “Məndə olan məlumata görə, mayın 1-dən ölkədə xüsusi karantin rejiminin müddəti daha uzadılmayacaq. Eyni zamanda, quru sərhədləri də mayın 1-dən açılacaq. Bu, çox yaxşı xəbərdir”, - deyə deputat bildirib.

    O qeyd edib ki, respublika vətəndaşları xırda ticarətlə, quru sərhədlərindən mal idxal-ixrac etməklə məşğul olduqlarından quru sərhədlərinin bağlanması ticarətə ciddi maneələr yaradır.

    “Bu, 300-400 min insanı gəlirindən məhrum edib. Xaricdən ölkəyə gəlmək istəyənlərə də problemlər yaradırdı. Xaricdə yaşayan soydaşlarımız aviabiletlərin baha olması səbəbindən ölkəmizə gəlməkdə çətinlik çəkirdilər. Quru sərhədlərinin açılması iqtisadiyyatın canlanmasına gətirib çıxaracaq və vətəndaşların narazılığını aradan qaldıracaq”, - Nurullayev vurğulayıb.

    Deputat bildirib ki, quru sərhədlərinin uzun müddət bağlanması insanlara psixoloji cəhətdən mənfi təsir edib. Onun sözlərinə görə, quru sərhədləri açılsa, ölkədə turizm sənayesi də canlanacaq.

    Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti bazar ertəsi xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bir sıra məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Buna əsasən, Azərbaycana hava nəqliyyatı ilə giriş-çıxış xarici dövlətlərin bütün vətəndaşları və bu ölkələrdə daimi yaşayan digər dövlətlərin vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər üçün icazə verilir.

    Bundan əlavə, Nazirlər Kabineti xarici ölkə vətəndaşlarının ölkəyə girişi zamanı COVID-19 pasportu tələbini ləğv edib. //Moskva-Bakı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR