Görmə qabiliyyəti məhdud olan şəxslər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) müxtəlif tabeli tibb müəssisələrində işlə təmin olunub.
Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də fiziki məhdudiyyətli şəxslərin məşğulluğunun təmin edilməsinə və cəmiyyətə inteqrasiyasına yönəldilmiş tədbirlər görmə qabiliyyəti məhdud olan şəxsləri də əhatə edir.
Son 6 ay ərzində Mərkəzin tabeli tibb müəssisələrində 10-a yaxın görmə qabiliyyəti məhdud olan şəxslər işlə təmin olunublar. Onların böyük əksəriyyəti ilkin tibb müəssisələrində masaj üzrə tibb bacısı (və ya tibb qardaşı) vəzifələrində çalışır. Onlardan biri də Rəhimli Sarıgül Elçin qızıdır.
S.Rəhimli 2-ci qrup görmə qabiliyyəti məhdud olan şəxsdir. O, 2022-ci ilin oktyabr ayından Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışır.
S.Rəhimli 1998-ci ildə Biləsuvar rayonunun Bəygilli kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda tamamlayan S.Rəhimli 2017-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicəvi masaj” fakültəsinə daxil olub və 2020-ci ildə həmin kollecdən məzun olub. O vaxtdan iş axtarışında olan S. Rəhimli Bakı Baş Səhiyyə Mərkəzinə müraciət edib:
“Təsilimi bitirdikdən sonra işsiz idim, iş axtarırdım. Bu ərəfədə Bakı Baş Səhiyyə Mərkəzində vakansiyaların olması haqqında məlumat aldım. Paytaxt Bakıya gəldim. Böyük ümidlə işə qəbul olmaq üçün Mərkəzə müraciət etdim. Tez bir zamanda müsbət cavab gəldi. 2022-ci ilin oktyabr ayından 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışıram. Bu beş ay ərzində həm tibb müəssisəsinin rəhbərliyindən, həm də kollektivdən özümə qarşı ancaq diqqət və qayğı görmüşəm. Məndən başqa bu poliklinikada 6 nəfər də görmə qabiliyyəti məhdud olan şəxslər işləyir. Əmək haqqımız da qənaətbəxşdir”.
Məlumat üçün bildirək ki, masaj İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan, bu xidmət ödənişsiz həyata keçirilir. Müvafiq ixtisas həkimindən göndəriş alan pasiyentlər xidmətin alınması üçün onlara yönləndirilir:
“Ən çox osteoxondroz, kifoz, lordoz, skolioz, artroz, artrid, insult keçirmiş, qan dövranı pozulmuş şəxslər, şəkər xəstələri müraciət edir. Qəbul etdiyim pasiyentlər də işimdən razılıqlarını ifadə edirlər. Əlbəttə ki, bu məni çox qürurlandırır. 2022-ci ilin dekabr ayında ailə həyatı qurmuşam. Burdakı işim, aldığım əmək haqqı yeni qurulan gənc ailə üçün böyük maddi dəstəkdir. Bütün bu yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə TƏBİB-in, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.