Yazar Şəhriyar del Gerani şəxsi facebook səhifəsində cəmiyyətin deqradasiyası barədə SOS siqnalı verməyin vaxtı çatdığını qeyd edib. Azadmedia.az sözügedən yazını təqdim edirİnsanlarımızın mədəni səviyyəsi çox aşağıdır. O gün bir restoranda ofisiantlarla müştərilər arasında biabırçılığa şahid oldum. Utanıb yerə girdim. Hələ Allah qoymasa bəhs etdiyim restoran şəhərin “A kateqoriya” hesab olunan məkanlarından sayılır, müştərilər də “İftar süfrəsi”ndə cəm olmuşdular. Eyni biabırçılığa dünən və srağagün getdiyim “1 saylı Şəhər Kliniki Xəstəxanası”nda (Semaşko) rast gəldim. Nə danışılasıdır, nə də yazılası, bildiyiniz rəzil-rüsvayçılıq. Bayaq da böyük marketlərdən birində alış-veriş edirdim, satıcı alıcıya qarışdı, mühafizə kassirə, kassir də öz növbəsində hamıya, aldıqlarımı arabada qoyub başımı götürüb qaçdım. Özümü qəti şəkildə ziyalı hesab etmirəm. Düzü, heç ziyalı da deyiləm. Amma bütün bunlar əməlli-başlı “SOS” siqnalıdır. Bunu başa düşməlidir az-çox şəxsiyyəti olan hər kəs, az-çox bu məmləkətə sevgisi olan hamı.
Cəmiyyətin sosioloqlara ehtiyacı var. Cəmiyyət xəstədir. Cəmiyyət məhv olub. Cəmiyyət yoxdur. Hökümət bunu bilməli, tədbir görməlidir. Televiziyalar, radiolar, saytlar və sair cəmiyyətə nüfuz etmək iqtidarında olan bütün vasitələr (Oxu - Şəxslər) bunu şüurlu şəkildə idrak etməli. Vəziyyət çox qəlizdir. Allaha and olsun, and olsun Allaha, bir azca həssas nəzərlərlə diqqət yetirsəniz, görərsiniz, Bakı yekə bir üstüaçıq dəlixananı xatırladır. Belə şəhər olmur. Belə cəmiyyət olmur
Bu gözəlim məmləkətə yazığınız gəlsin. Axı biz bu yerlərə, bu göylərə Vətən deyirik, canımızdan, qanımızdan, atamızdan, balamızdan keçirik onun uğrunda, onun yolunda. Yaxşı, məgər belə isə: Nəyin uğrunda? Kimin yolunda?
Şəhriyar del Gerani
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.