Mayın 1-dən etibarən fərdi yaşayış evlərinə texniki şərtlər necə alınır? Qapı keçidi quraşdırmaq istəyənlər nə etməlidir? Azadmedia.az xəbər verir ki, suallara “Açıq qapı”da aydınlıq gətirildi
“Qaz tələbatı 10 kub metrə qədər olan fərdi yaşayış evlərinin qazlaşdırılması üçün texniki şərtlərin verilməsi "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə artıq həyata keçirilməyə başlanılıb. Bunun üçün vətəndaşlar mülkiyyəti təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi ilə birlikdə qeyd edilən mərkəzlərə yaxınlaşmalıdır. Texniki şərtin verilib-verilməyəcəyi isə araşdırmalardan sonra aydın olacaq”. Bunu Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında bildirib. Şöbə rəisi, həmçinin vətəndaşların öz vəsaitləri hesabına quraşdırılan qapı keçidləri üçün müraciətlərə də toxunub. Teymur Cəfərov bildirib ki, qapı keçidi üçün hər bir vətəndaş müvafiq qaz xidmət sahəsinə müraciət etməlidir. Daha sonra verilən sxem üzrə abonent razılaşdığı podratçı şirkət tərəfindən qapı keçidinin quraşdırılmasını həyata keçirə biləcək. Aksiyada çıxış edən Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə cari ilin ilk 4 ayı ərzində Birliyə daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi bu rəqəmlərin ötən ilin anoloji dövri ilə müqayisədə azaldığını bildirib. Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.