AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəsit suallar – zəif jurnalist axtarışında olanlar

  • + A
  • - A
  • 7-08-2023, 09:00

    Bəsit suallar – zəif jurnalist axtarışında olanlar

    Dünən jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün qabiliyyət imtahanları keçirildi. 200 sualın içindən püşkatma ilə seçilən suallar söz adamları tərəfindən birmənalı qarşılanmadı. Suallardan narazı qalanlardan biri də bəndəniz idi. Jurnalist olmaq istəyən abituriyentlər orta məktəb səviyyəsində inşalarla sınaq edilməməlidir. Doğrudanmı sual tərtib edən ekspertlər sual böhranı yaşayır? Bəsit sualların qoyuluşunda məqsəd nə idi?

    Xatırladım ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün DİM-in mərkəzi ofisində təşkil olunan mərasimdə 200-dən çox mövzu içərisindən püşkatma nəticəsində məlum olan mövzular aşağıdakılar idi:
    - Uğurlu insan olmaq nə deməkdir?
    - Mətbuat azadlığını necə başa düşürəm?
    - Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?

    Qalib dövlətin qalib abituriyent vətəndaşı Heydər Əliyevin anadan olmasının 100 illliyi dönəminə düşmüş qabiliyyət imtahanında daha məzmunlu suallarla sınaq edilə bilərdi. Nə üçün jurnalist olmaq istəyirlər? Müasir jurnalistikada kimi özlərinə kumir görürlər? Mənə çox maraqlıdır gənclər kimin yazılarını oxuyur?
    Üzdə 4-cü hakimiyyət deyirlər, amma tərtib etdikləri suallarda gənclərin bəsit biliklərə sahib olmasında, axtarışda olmamasında maraqlı olmaları görünür.
    Hörmətli sual tərtibçiləri, hörmətli jurnalistika ilə bağlı bütün tədbirlərdə önə çəkilən şəxslər, ola bilər ki, sizə güclü düşünə bilən, müşahidə qabiliyyəti güclü olan gənc jurnalistlər lazım deyil. Çünki onlar hüquqlarını biləcək, əmək müqaviləsi tələb edəcək, qul kimi istifadə olunmalarına imkan verməyəcək. Təbii ki, bu, ordakıların çoxuna sərf etməyəcək. Uzaq illərdə deyil, elə müasir dövrümüzdə Media Agentliyi jurnalistləri reyestrə daxill edərkən hamının peşəkar jurnalist kimi tanıdığı söz adamları reyestrə düşə bilmədi. Səbəb çox sadə idi, illərlə media kapitanları kimi cəmiyyətdə tanınan rəhbərlər onları əmək müqaviləsiz işlədib... Şərhə ehtiyac varmı? Hansı biri Agentliyə yaxınlaşıb illərlə haqqını yediyi işçisini müdafiə edir, onun reyestrə düşməsinə çalışır?
    Bu yazımdan sonra çoxları məndən inciyəcək.
    Tədbirlərdə qaş-qabaq sallayacaq.
    Kimsə bunları əvvəl-axır dilə gətirməlidir. Bu dəfə o kimsə mən olum. İnformasiya əsridir, informasiya müharibəsidir. 44 günlük Vətən Müharibəsi zamanı və post müharibə dövründə xarici dövlətlərin dil-dil ötən jurnalistlərini, onların ölkə başçısı cənab Prezident İlham Əiyevə verdiyi təxtibatçı sualları və hazırcavablığı ilə onların hamısına dərs keçən Prezidentimizin cavablarını unutmadıq. İnformasiya əsrində, silahlardan çox sözün danışdığı bir dövrdə bizə savadlı, hazırcavab, dərin düşüncəli jurnalistlər lazımdı. Onlar daxildə deyil, xaricdə də ölkəmizi təmsil edəcək. Ola bilər, ölkə xaricində qarşılarında bizim Prezident kimi hazırcavab, onların sualını ağzından vurub tutarlı cavab verəcək ölkə rəhbəri olmayacaq, bu da ayrı mövzudur. O mövzuya da qayıdarıq. Bugünkü gün pafosları kənara qoyub güclü jurnalistlərin hazırlanması üçün əlimizdən gələni əsirgəməməliyik. Gələn dəfə orta məktəb inşa mövzularını bir kənara qoyun, məntiqli, müşahidə qabiliyyətinin duyulması mümkün, şablondan uzaq mövzular seçin.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR