Bu gün Bərdə şəhər 5 nömrəli məktəbinin akt zalında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi“ Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “Narkotik maddələr və onun fəsadları!” mövzusunda dəyirmi masa keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımov açaraq narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını və hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib.
Layihənin rəhbəri, Telman Dadaşov layihə haqqında iştirakçılara geniş məlumat verib: "Narkotik maddələr orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. O orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyalarını pozur. Sonda isə ölümlə nəticələnir. Narkotik və onun törətdiyi fəsadlar hər il milyonlarla insanın həyatına son qoyur. Ona görə də hamılıqla narkotikə yox deməli və ona qarşı birlikdə mübarizə aparmalıyıq".
Bərdə Rayon Polis şöbəsinin rəis müavini, polis kapitanı Nəbi Məmmədov tədbirin əhəmiyyətindən söz açaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd edib. Yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan N.Məmmədov narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib: "Ölkə Prezidentinin Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini, lakin keçirilən tədbirlərə baxmayaraq, narkomanların sayının hələ də artdığını qeyd edib. Ona görə də belə görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır".
Tədbirdə Bərdə RİH-nn, Qarabağ Regional Təhsil İdarəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Bərdə Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin, 5 nömrəli məktəbin, RGM İB-in nümayəndələri iştirak etdilər və öz təkliflərini verdilər.
Sonda Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.