“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Erkən nigahlara yox deyək” adlı layihə çərçivəsində Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilib.
İctimai Birliyin sədri Əli Mirzəyev bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində təşkil olunan tədbirdə Şirvan Mərkəzi Kitabxanasının və Tarix Diyarşunaslıq Muzeyinin əməkdaşları iştirak ediblər: “Müşahidələrə, statistik məlumatlara əsasən demək olar ki, hələ də erkən nikahlar öz aktuallığını saxlayır. Belə ki, 2021-ci ilə nisbətdə 2022-ci ildə yetkinlik yaşına çatmayan yeniyetmələr arasında evlilik faktları 12% artıbdır”.
Erkən nikahların fəsadlarının hüquqi, sosial, fizioloji, psixoloji aspektlərdən qiymətləndirilməsi məsələsi vurğulandı və iştirakşılar müzakirələrə cəlb edildi. Tədbir iştirakçısı A. Cəfərova müzakirəyə qoşularaq qeyd edib ki, erkən nikahlar qızların təhsil hüququnun pozulmasına zəmin yaradır: “Bəzi valideynlər qızlarına təhsil verməmək üçün erkən ərə verirlər”.
Digər iştirakçı Ü. Salahova vurğuladı ki, erkən nikahın səbəbkarları valideynlərdir. Onlar hesab edirlər ki, əgər qızı indı ərə verməsələr, sonra gec olacaq.
Çay süfrəsi arxasında müzakirələr davam etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.