Avqustun 25-də “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” Ictimai Birliyi tərəfindən Xaçmaz rayonunun Qımılqışlaq kənd inzibati ərazi dairəsində “Kənd Təsərrüfatı məhsullarının arıtırılmasında sahibkarların maarifləndirilməsi” mövzusunda təlim keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində təşkil olunan təlimdə 20 nəfər Qımılqışlaq kənd sakini iştirak edib. Təlimində layihə rəhbəri Famil Baxışov və layihənin təlimçisi Nizami Musayev mövzu ətrafında çıxışlar ediblər. Cari kənd təsərrüfatı ilində meyvə bağlarına innovativ üsullarla aqro-texniki işlərin təşkil edilməsi, suvarma işlərinin vaxtında aparılması, payız aylarında ağaclarda budama işlərinin təşkil edilməsi, xəstəlik və ziyan vercilərə qarşı mübarizə tədbirlərinin aparılması, meyvə ağaclarında meyvə yüklərinə nəzarət ətraflı müzakirə edilib.
Sahibkarlardan Müşviq Orucov, Məlik Zəkiyev, Şahin Kərimov, Mustafa Həmidov və başqaları kənd təsərrüfatı sahəsində əldə etdikləri nəaliyyətlərdən danışaraq, həm də qarşılarına çıxan problemlərdən ətraflı məlumat veriblər. Layihənin eksperti Fərrux Əsgərov sahibkarların verdikləri suallara cavab verərək problemlərin aradan qaldırılması məqsədilə görüləcək işləri izah edib, sahibkarlar tərəfindən təlimin qiymətləndirilməsini təşkil edib.
Sonda Qımılqışlaq inzibati ərazi dairəsinin nümayəndəsi çıxış edərək belə təlimlərin keçirilməsinə ehtiyac olduğunu və sahibkarların fəaliyyət göstərdikləri sahələr üzrə bilgilərinin arıtılmasına köməklik edilməsini tövsiyyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.