Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Kənd qadınlarının aqrar fəaliyyətinə dəstək göstərilməsi məqsədi ilə tədbirlərin təşkili” layihəsini uğurla icra edir.
İctimai Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində Qadın Kooperativləri arasında mübadilə görüşləri keçirilib. Ağdam, Masallı, Lənkəran, Zaqatala və Bərdə rayonlarında fəaliyyət göstərən “ŞƏFƏQ”, “NƏRGİZ” və “FATİMƏ” Qadın Kooperativləri və kooperativ olmağa hazırlaşan 7 Qadın İnkişaf və Müəssisə Qrupu nümayəndələri bir araya gələrək özlərinin təşkilatlanma və təsərrüfat təcrübələrini bölüşüb, eyni zamanda “Mövsümi məhsulların bazara çıxış çətinlikləri” mövzusunda geniş müzakirələr aparıblar.
Bərdə rayonunun Böyük Göyüşlü kəndində “FATİMƏ” Qadın Kooperativi və Zaqatala rayonunun Muxax kəndində NƏRGİZ Qadın Kooperativi görüşlərə ev sahibliyi edib. FATİMƏ Qadın Kooperativi əvvəllər qeyri-formal Qadın Qrupu kimi fəaliyyət göstərsə də 2022-ci ildə hüquqi status əldə edərək İstehsal-İstehlak Qadın Kooperativi kimi fəaliyyətə başlayıb. Kooperativin 17 üzvü var, bu ilki mövsümdə 6 hektar sahədə tərəvəz becərərək yüksək məhsulıdarlıq əldə ediblər. Keçən il pomidor, bibər, badımcan və kələm becərərək 630 ton məhsul əldə edən fermer qadınlar bu ilki mövsümdə də 700 tona yaxın məhsul əldə etməyi gözləyirlər.
Görüşdə iştirak edən 20 fermer qadın “FATİMƏ” Qadın Kooperativinin tərəvəz tarlalarına da baş çəkib, yetişməkdə olan məhsulun vəziyyəti, təkrar əkinə hazırlanan sahələr, payızlıq soğan əkini və s. ilə yerində tanış olublar.
Zaqatala rayonunda keçirilən mübadilə görüşünə ev sahibliyi edən NƏRGİZ Qadın Kooperativi də yeni fəaliyyətə başlayan kooperativlərdəndir. Heyvandarlıq, şirniyyat və meyvəqurutma bu kooperativdə birləşən qadınların əsas fəaliyyətini təşkil edir. Görüş iştirakçıları NƏRGİZ Qadın Kooperativi üzvləri ilə “Məhsulun qablaşdırılması və satış” mövzusunda müzakirələr aparıb və görüşün sonunda kooperativə məxsus olan Meyvə Qurutma Sexi ilə tanış olublar.
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin Sədri Gülbəniz Qənbərova bildirib ki, “Kənd qadınlarının aqrar fəaliyyətinə dəstək göstərilməsi məqsədi ilə tədbirlərin təşkili” Layihəsi çərçivəsində həyata keçiriləcək növbəti fəaliyyətlər sentyabr ayında Ağdam və Goranboy rayonlarında Məhsul Bayramı tədbirlərinin keçirilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.