“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiyanin təşkili” layihəsi davam edir.
Layihə rəhbəri Qərənfil Niftəliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan az təminatlı, əlilliyi, valideyin himayəsindən məhrum olmuş, 18 yaşa qədər uşaqların sosial-reabiltasiyası təşkil olunub. Uşaqlara həm fərdi, həm də qrup halında təlimlər keçirilir. Təlimlər uşaq mütəxəssisləri tərəfindən müəyyən olunmuş qaydalara əsasən, ünsiyyətə girmə, nitqin inkişafı, səslərin düzgün tələffüzü, fiziki məhdudiyyət, koordinasiya, əqli inkişafın ləngiməsi prosesi və s. aidiyyatı üzrə təşkil edilib. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanıb”.
Qərənfil Niftəliyeva həmçinin bildirib ki, təlimlərdə valideyinlər də fəal iştirak edirlər: “Onlar öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edir, valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlar verilir. Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığının təmin olunmuş və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılıb”.
Qeyd edək ki, uşaqlara təlimlərin keçirilməsi, sosial dəstək göstərilməsi onların sağlamlığına və inkişafına müsbət təsir göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.